• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Azərbaycanla qarşıdurmaya getmək Ermənistana heç bir xeyir gətirməyəcək

SİYASƏT

26 Dekabr 2025 | 15:56

Azərbaycanla qarşıdurmaya getmək Ermənistana heç bir xeyir gətirməyəcək

Ermənistanda Azərbaycan mənşəli yanacaq satan "RAN Oil" yanacaqdoldurma məntəqələrini boykot etməyə çağırış səslənib. Bununla bağlı "Ayakve" təşəbbüs qrupu vətəndaşlara müraciət edib.

Müraciətdə Azərbaycan yanacağı satan yanacaqdoldurma məntəqələrini boykot etməyə və Ermənistanın təhlükəsizliyinə zərər verə biləcək proseslərdə iştirak etməməyə çağırış yer alıb. Bəyanatda sürücülərə vətəndaş məsuliyyəti nümayiş etdirərək sülh gündəliyinə inanmamağa çağırıb.

Xatırladaq ki, dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana yola salınıb.

Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, hazırda Ermənistanda Azərbaycandan alınan benzini satan yanacaqdoldurma məntəqəsinin boykot edilməsi gözlənilən idi.

Onun sözlərinə görə, erməni cəmiyyətində bu cür revanşist mövqedə olan, sülhü istəməyən kifayət qədər qüvvələr var:

"Bu qüvvələrin Ermənistan cəmiyyətinin hansı hissəsini təşkil etdiyi hadisələrin gedişində ortaya çıxacaq. Bu, eyni zamanda parlament seçkilərinə münasibətdə də öz təsirini göstərəcək. Ümid edək ki, Ermənistan cəmiyyətinin böyük hissəsi Azərbaycanla sülhün tərəfdarıdır və Azərbaycanla iqtisadi əməkdaşlıqda da maraqlıdır. Çünki iqtisadi əməkdaşlıq birtərəfli olmur. Bunun qarşılığında Ermənistan məhsulları da Azərbaycanda satışa çıxarılacaq. Tədricən bu əməkdaşlıq genişlənəcək. Xalqlarımız və dövlətlərimiz arasında Ermənistandakı müəyyən qüvvələrin yaratdığı düşmənçilik mühiti yox olacaq. Başqa çıxış yolu yoxdur”.

Müsahibimiz hesab edir ki, Azərbaycanda da Ermənistanla ticarət sayəsində əməkdaşlığın tərəfdarları kifayət qədərdir. Dediyinə görə, ancaq qonşular arasında baş verən müharibələr, gərginliklər zaman keçdikcə yerini sülhə verir:

“Bir-biri ilə yüz ildən artıq mübarizə aparan dövlətlər ən yaxın müttəfiqə çevrilirlər. Ermənistanla yaxın müttəfiqə çevrilməsək də, hər halda normal qonşuluq münasibəti qurmaq məcburiyyətindəyik. Əks təqdirdə bundan həm Ermənistan, həm də Azərbaycan zərər görəcək".

Abutalıb Səmədov: Ermənistanla yaxın müttəfiqə çevrilməsək də, normal qonşuluq münasibəti qurmaq məcburiyyətindəyik

Analitik əlavə edib ki, boykot çağırışları effektli olarsa, bu məqam Paşinyan hökumətinin vəziyyətinə, gələcək seçkilərə də təsirini göstərəcək:

"Güman etmək olar ki, bunlar Ermənistan seçicilərinin əksəriyyətini təşkil etmir. Belə olmasaydı, müharibədən dərhal sonra Paşinyan seçkiləri uda bilməzdi. Demək ki, Ermənistanda kifayət qədər insan Azərbaycanla sülhün vacibliyini anlayır. Sonda dərk edirlər ki, Azərbaycanla qarşıdurmaya getmək Ermənistana heç bir xeyir gətirməyəcək”.

Müsahibimizə görə, bu cür çağırışlar geniş dəstək qazanmayacaq və sonda sülh gündəliyinə heç bir zərbə vura bilməyəcək. Abutalıb Səmədov heaab edir ki, parlament seçkilərində Paşinyan yenə də qalib gələcək, yeni Konstitusiya qəbul olunacaq və bundan sonra sülh sazişi nəhayət imzalanacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR