İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.
***
09:12
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
**
22 noyabr, saat 23:38
İstanbulun Sarıyer rayonundakı ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
M.G.Ş. adlı şəxsdən 70 kiloqrama yaxın qızılın götürüldüyü deyilir.
Mətbuatın yazdığına görə, saxlanılan şəxs Azərbaycanın Qərb ölkələrindən birində diplomatik nümayəndəliyin əməkdaşıdır.
Hazırda diplomat həbsdədir və istintaq davam edir.