Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.
Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki, tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.
AzTU-nun rektoru Vilayət Vəliyev hər il əmək yarmarkalarının keçirilməsinin tələbə və məzunlarının ixtisaslarına uyğun iş tapmaları, həmçinin onların əmək bazarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor bildirib ki, yarmarka dövlət və özəl qurumların nümayəndələrinin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsi baxımından da faydalıdır.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov qeyd edib ki, bu kimi aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında mühüm rol oynayır. O bildirib ki, belə təşəbbüslər gənclərin əmək bazarına daha sürətli inteqrasiyasına, onların ixtisaslarına uyğun vakansiyalara çıxış imkanlarının genişlənməsinə, eyni zamanda işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının operativ şəkildə qarşılanmasına töhfə verir.
Tədbirdə iştirak edən qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.
Yarmarkada 100 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Aktiv məşğulluq tədbirində Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.
Tədbirə qatılan şəxslər Agentliyik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.
Bakı 













