Əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" kitabının imza günü və təqdimatı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə millət vəkilləri, jurnalistlər, yazıçılar və oxucular iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Professor Qulu Məhərrəmli tədbiri açıq elan edib.
O bildirib ki, köhnə nəslin gəliş-gediş yeri olan elmi kitabxanada çox dəyərli bir kitabın təqdimatı keçirilir.
"Burada biz o qənaətə gələ bilirik ki, kitab bizim həyata baxışımızdır. Kitab bizim ruhumuzun qidasıdır. Kitablar cürbəcür olur. Yaxşı kitab böyük bir abidədir", - deyə o əlavə edib.
Kitabın ön söz müəllifi yazıçı Seyran Səxavət qeyd edib ki, kitab həm də bizim and yerimizdir.
"Bu qədər adamın bu gün burada iştirakı kitaba verilən dəyərin bariz nümunəsidir. "Göyün cazibə qüvvəsi" o qədər ağır dildə yazılmış bir əsərdir ki, cümlələr, sözlər o qədər böyük yükə sahibdir ki, Bahəddin Həzi sözdən bu qədər məharətlə istifadə edib. Mən hesab edirəm ki, bu kitabdan Azərbaycanda yoxdur. Bahəddin Həzi sözdən ən mükəmməl şəkildə istifadə etməyi bacarır", - deyə o vurğulayıb.
Daha sonra millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir:
"Onun yazdığı hər sözün arxasında dərin bir məna var. Əminəm ki, bu kitab da gələcək nəslin formalaşmasında böyük rol oynayacaq".
Millət vəkili Vüqar İskəndərov isə öz növbəsində vurğulayıb ki, Bahəddin Həzinin yazılarını uzun müddətdir oxuyur:
"Bu kitabda biz Bahəddin Həzini daha fərqli formada tanıyırıq. O, bu kitabda özünün gəlmiş-keçmiş bütün fikirlərini ortaya qoya bilib. Sevindirici haldır ki, özümüzü nə qədər də tənqid etsək,, hələ də elimə, kitaba, ədəbiyyata dəyər verən insanlar var. Bahəddin Həzi bundan sonra da mütləq yazıb yaratmalıdır. Onun əsərlərinə hər zaman ehtiyac var".
Etibar Əliyev də çıxış edərək bildirib ki, istənilən əsər yazılanda təbliğatdan daha çox maraq kəsb etməlidir.
"Bahəddin Həzinin ilk kitabı ilə bu kitab arasında uzun bir vaxt keçmədi. Bu iki kitabı müqayisədə görürəm ki, bu kitabda Bahəddin Həzi daha da müdrikləşib. Kitab çapı, kitab yazmaq, kitab oxumaq özü bir mədəniyətdir. İndi kitab yaddaş deməkdir. Bu kitab da yaddaşa yazılacaq kitablardandır", - deyə o vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseyinbəyli isə çıxış edərək qeyd edib ki, Bahəddin Həzi çox böyük qələm adamıdır.
"Ədəbiyyat faktsız jurnalistika, jurnalistika isə faktlı ədəbiyyatdır. Publisistika bu mənada çox çətin bir janrdır. Bahəddin Həzi hadisələrə çox fərqli yanaşır. Mən onun yazdıqlarını həm də öz fikirlərim kimi qəbul edirəm. Ona diri ruh, iti qədəm arzu edirəm", - deyə o əlavə edib.
Daha sonra tədbir iştirakçıları öz ürək sözlərini səsləndirib.
Çıxışlardan sonra Bahəddin Həzi çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürlərini çatdırıb.
O bildirib ki, bu kitabda son üç ildə yazdığı bədii esselər toplanıb:
"Mən istəyirəm ki, siz kitabla mənim sözlərim vasitəsilə tanış olmayasınız, özününz oxuyaraq tanış olasınız. Biz həyatımızı iki kitab arasında yaşayırıq, Əlifba və Quran. Bu iki kitab arasında biz müxtəlif kitablar oxuyuruq. Mən ümid edirəm ki, mənim bu kitabım sizin həyatınızda Əlifba və Quran kitabları arasına girə biləcək", - deyə o fikrlərini yekunlaşdırıb.
Tədbirin sonunda yazıçı "Göyün cazibə qüvvəsi" kitabını tədbir iştirakçıları üçün imzalayıb.