• Bakı 23° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Bakı metrosunda "təhlükəsizlik qapıları" quraşdırılacaq? - RƏSMİ MÖVQE

CƏMİYYƏT

04 Oktyabr 2024 | 13:08

Bakı metrosunda təhlükəsizlik qapıları quraşdırılacaq? - RƏSMİ MÖVQE

Məlumdur ki, zaman-zaman metrostansiyalarda arzuolunmaz hallar yaşanır. Xüsusən də sərnişinlərin ehtiyatsızlıqdan və ya hər hansısa neqativ hal nəticəsində qatar reysinə düşməsi bəzən ölümlə nəticələnir.

Bakıvaxtı.az xatırladır ki, təkcə sentyabrın 3-də Bakı metropoliteninin stansiyalarında iki bədbəxt hadisə baş verib. Belə ki, Bakı metropoliteninin “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb. Hadisə zamanı qatar maşınısti əyləcləməni sıxıb, yüksək gərginlik də çıxarılıb.

Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib.

Digər hadisə isə “Ulduz” stansiyasında qeydə alınıb. Dünən saat 19:00 radələrində sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bəs görəsən, metro stansiyalarında şüşə təhlükəsizlik qapılarının quraşdırılması bu cür xoşagəlməz halların qarşısını ala bilərmi?

Elmar Nurəliyev, Təhlükəsizlik eksperti

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, metrostansiyalarda qoruyucu qapıların olması təhlükəsizlik baxımından təqdirəlayiq addım ola bilər.

Ekspertə görə, metrostansiyalarımızda qoruyucu qapılar olarsa, sərnişinin ehtiyatsızlıq və ya hansısa xoşagəlməz haldan qaynaqlanıb reysə düşməsinin qarşısı alına bilər:

"Metro stansiyaları strateji obyektlər sayılır. Ona görə də stansiyalarda təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Stansiyaların qorunmasında hüquq-mühafizə orqanları, nəzarət müşahidə kameraları və digər təhlükəsizlik vasitələrindən istifadə olunur. Əslində metrostansiyalarımızda təhlükəsizlik yüksək səviyyədədir, amma yenə də stansiyaların platformalarında qatar reysinin üstünə yıxılma hallarına rast gəlinir.

Dünya təcrübəsinə görə, metrostansiyalarında qoruyucu qapılar olur və yalnız qatar stansiyaya çataraq dayanandan sonra həmin qapılar açılır. Bu, sərnişinlərin qatar reysinin üstünə yıxılma kimi təhlükələrdən uzaq olmasına səbəb olur. Sadəcə olaraq sözügedən proses mürəkkəbdir".

Bəxtiyar Məmmədov, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-nın sorğusuna cavab olaraq bildirib ki, stansiyalarda şüşə təhlükəsizlik qapılarının quraşdırılması mürəkkəb və böyük maliyyə vəsaiti tələb edən məsələdir.

Metropoliten rəsmisi vurğulayıb ki, bu gün "Bakı Metropoliteni" sərnişin sıxlığı şəraitində texniki və insan resursları baxımından mümkün addımların hər birini prioritet olaraq həyata keçirir. Bəzən stansiya girişində sərnişin sıxlığı müşahidə olunur. Bu, platformanın ifrat dərəcədə yüklənməsinin qarşısını almaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçündür.

"Metrostansiyalarda təhlükəsizliyin təminatı üçün platforma səviyyəsində gücləndirilmiş tədbirlər həyata keçirilir. Loru dildə desək, evin istinad divarı və ya hansısa sütunu sökülə bilər. Lakin "Bakı Metropoliteni"nin infrastrukturda hansısa kənar müdaxiləyə qətiyyən yol verilmir. Əgər metrostansiyalarda şüşə təhlükəsizlik qapıları quraşdırılarsa, "28 May" kimi pilon tipli stansiyalarda, yəni orta zaldan sağ və sol yola keçərkən sərnişin sıxlığının və platformanın yükgötürmə qabiliyyətinin tənzimlənməsi çox əhəmiyyətlidir. Btün hallarda şüşə təhlükəsizlik qapılarının quraşdırılması məsələsi araşdırılır və "Bakı Metropoliteni"nin diqqət mərkəzindədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Oktyabr 2024