• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Bakı mövqeyində israrlıdır: - “Sülh üçün şərtlər qüvvədə qalır”

SİYASƏT

21 May 2025 | 14:10

Bakı mövqeyində israrlıdır: - “Sülh üçün şərtlər qüvvədə qalır”

“Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü iki şərt daha öncədən bəlli idi”.

Bu sözləri Bakıvaxtı.az-a analitik Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas məqam prezidentin bu şərtləri Macarıstanda yenidən dilə gətirməsi və aktuallaşdırmasıdır. Bundan iki nəticə çıxmaq olar:

“Birincisi, prezident bu şərtləri Macarıstanda, yəni Avropada dilə gətirməklə regiona Ermənistanın maraqları kontekstində yanaşan qüvvələrə mesaj verir. Bilirik ki, Avropada Fransa başda olmaqla bir sıra ölkə Azərbaycan-Ermənistan sülh sazişinin qısa müddətdə imzalanması mövqeyindən çıxış edir və bu məqsədlə Ermənistana dəstək verirlər. Görünür, Azərbaycan prezidenti Avropa İttifaqına üzv olan Macarıstanda Azərbaycanın şərtləri haqda dedikləri ilə həmin qüvvələrə mesaj ötürür”.

Asin Nərimanlı, analitik

Müsahibimiz qeyd edib ki, ikincisi, dövlətimizin başçısının bu şərtləri Tiranada Nikol Paşinyanla görüşdən sonra yenidən səsləndirməsi Bakının mövqeyində israrlı olduğunu təsdiq edir. Analitik bildirib ki, Tiranadakı görüş Bakı və İrəvan arasında 17 maddəlik sülh sazişi mətninin razılaşdırılmasından sonra liderlərin ilk təması idi:

“Və aydındır ki, bu görüşdə Paşinyan həmişəki kimi sülh sazişi mətninin indi imzalanması məsələsini irəli sürüb. İlham Əliyev isə Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun de-yure buraxılması şərtini irəli sürüb. Daha sonra Budapeştdə bu şərtləri dilə gətirməklə belə demək mümkünsə, Tirana görüşünün detalları haqqında həm Azərbaycan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırır. Eyni zamanda, sülh sazişinin imzalanmasında şərtlərin qüvvədə qaldığını çatdırır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatında bildirib ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib.

Aydın Baxış


SON XƏBƏRLƏR