Bakıda 1972-ci il təvəllüdlü Sevil tanışı Əliyə (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.
Bakıvaxtı.az bildirir ki, Sevil vəzifəli şəxs kimi maddi imkanlara malik olduğunu bildiyi Əli ilə tanış olub. Yaxın münasibətdən sonra onun inam və etibarından sui-istifadə edib.
Sevil guya vəfat etmiş qardaşı Vaqifə məxsus olmuş Riqa və Bakı şəhərlərində qazanc gətirən biznesinin, daşınmaz əmlaklarının və bank hesabında külli miqdarda pul vəsaitinin qaldığını, həmin əmlakları öz adına keçirdikdən sonra onunla biznes ortaqlığı quraraq külli miqdarda qazanc əldə edəcəkləri barədə yalan və uydurma məlumatlar verib.
Sevil Əliyə məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2016-cı ilin yaz aylarından 2019-cu ilin yanvar ayınadək ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla 245.000 manat, o cümlədən onun 2017-ci ilin əvvəllərində tanışı vasitəsi ilə göndərdiyi 50.000 ABŞ dolları, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Oxford" məktəbinin yaxınlığında 60.000 manatı, Yasamal rayonu 20 saylı tam orta məktəbin yaxınlığında 10.000 manatı, sonuncu dəfə Yasamal rayonunda 20.000 dollar alıb.
Sevil Əlinin ümumilikdə 434.000 manatını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib.
"Salona gedib-gəlirdim"
İstintaq orqanı tərəfindən Sevilin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Əli adlı şəxslə 2016-cı ildə tanış olub: "Uzun müddət idi, evinin həyətindəki salona gedib-gəlirdim. Həyətin sahəsi kiçik olduğu üçün orada hər kəs bir-birini tanıyırdı. Əli ilə də orada tanış olduq. Məni görəndə yaxınlaşaraq salamlaşdı, məndən xoşu gəldiyini və tanış olmaq istədiyini bildirdi. Keçmiş həyat yoldaşımla münasibətim olmadığından tanışlığa razılaşdım".
"Ərim bizi bir yerdə tutdu"
Sevilin ifadəsinə görə, bir müddət sonra Əli ona görüş təklif edib və Əlinin Pirşağı qəsəbəsində yerləşən bağ evində görüşüblər: "Bağ evində cəmi 3 dəfə görüşdük. Daha sonra bağ evinə məsafə uzaq olduğu üçün Əli hər dəfə ora avtomobillə getməyin çətin olduğunu, maddi imkanının kifayət etmədiyini bildirdi, məndən ərimə məxsus evdə görüşməyimizi təklif etdi. Həmin evdə kirayənişinlər yaşayırdı.
Əli məndən kirayənişinləri evdən çıxarmağımı, orada görüşməyimizi istədi. 2016-cı ildə kirayənişinləri evdən çıxartdım və orada bir neçə dəfə görüşdük.
Həyat yoldaşım qonşulardan bu barədə eşitdi və bizi birlikdə tutdu. Ərimlə münasibətlərimiz boşanmağa doğru gedirdi. Lakin uşaqlarımız balaca olduğundan nə ərim, nə də mən boşanmaq üçün addım atırdıq. Əli bunları bilirdi. Dəfələrlə ərimdən boşanmağımı istəyirdi".
"Hiss olunurdu ki, kimlərəsə borcu var idi"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin iyun ayında ərindən boşanmaq üçün məhkəməyə ərizə verib: "Lakin biz boşanmadıq. Məndən fərqli olaraq, ərim boşanmaq istəmirdi. O mənə hansı səbəbdən boşanmaq istədiyimi bildiyini, əlində sübutların olduğunu, Əli ilə danışdığını, onun məhkəmədə şahidlik edəcəyini və bu yolla övladlarımı məndən alacağını bildirdi.
Əli ilə ilk tanış olduğumuz gündən bəri dəfələrlə yanımda 100.000 pul verdiyini, əlavə olaraq 150.000 pul verməklə vəzifəyə gedəcəyini, hazırda maddi imkanının yaxşı olmadığını, işləri yoluna düşsə, hər şeyin yaxşı olacağını, birgə xarici ölkəyə köçəcəyimizi deyirdi. Yanımdakı telefon danışıqlarından hiss olunurdu ki, onun kimlərəsə borcu var idi".
"Mən başa düşmürdüm"
Təqsirləndirilən şəxs deyib ki, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəli əri ilə boşanma ilə bağlı ərizəni məhkəmədən geri götürüb:
"Həyat yoldaşım məni evdən qovdu. 2017-ci ildə 7-8 ay öz evimdə yaşamadım, orada-burada qaldım. Əli mənə maddi yardım kimi 500-1000 manat məbləğlərdə pul verirdi. 2016-cı ildə avtomobilim xarab olduğu üçün ondan 500, 300, 200 manat məbləğlərdə pul istədim.
Əli ümumiilikdə 10-12 min manat məbləğdə mənə maddi yardım elədi. Çünki mən evdən qovulmuşdum. O, verdiyi pulları kimdənsə borc aldığını bildirdi. Mən də ona 5.000 manatı qaytardım.
2020-ci ildə Əlinin həyat yoldaşı mənə "onsuz da Əli borcun içində idi, mənim həyatımı məhv etmişdi, sən niyə ondan pul almışdın?" məzmunlu SMS-lər yazmağa başladı. Əlinin həyat yoldaşı guya onun mənə 307.000, 500.000 manat və digər məbləğlərdə pul verdiyini yazırdı. Mən bunu başa düşmürdüm.
Əli mənə dedi ki, evdə həyat yoldaşına mənə verdiyi pulları biznes qurmaq məqsədilə verdiyini söyləyib. Elə bilirdim ki, o, 10-12 min manat məbləğdə maddi yardımı nəzərdə tutur. Sonradan başa düşdüm ki, ər-arvad mənim boynuma yüksək məbləğlər qoymaq istəyirlər".
"Düz yolla getmədiyini hiss etdim"
Sevil qeyd edib ki, Əliyə qardaşı Vaqifin Azərbaycanda və xarici ölkələrdə böyük biznesinin olduğunu və vəfat etdiyini bildirməyib: "Riqa şəhərinə getmək və işə başlamaq üçün ondan 35000 manat almamışam. Qardaşımın əmlakına keçmiş ərimin şərik olmaq istədiyini söyləməmişəm, ona bir miqdar pul verməklə uzaqlaşdırmaq məqsədilə Əlidən pul istəməmişəm.
Qardaşım narkotik istifadəçisidir və hazırda cəzaçəkmə müəssəsisindədir. Əlidən qardaşımın övladının vəfat etməsinə görə burada qalmaq istəmədikləri üçün Almaniyaya yol salmaq üçün pul istəmişəm. Ancaq Əli mənə bu məqsədlə pul verməyib.
Əlidən "Mercedes G klass" markalı avtomobilləri gömrükdən keçirmək üçün pul almamışam.
Həyat yoldaşım həmin vaxtlar rayonlarda işləyirdi və evə ara-sıra gəlirdi. Kirayəyə verdiyimiz evə özüm nəzarət edirdim. Buna görə də ərimin xəbəri olmadan ona məxsus evin kirayənişinlərini özüm çıxarmışam.
Əli mənə maddi yardım kimi pulları həm birbaşa özümə, həm də başqa şəxslərdən göndərməklə verib. İttiham aktında göstərilən miqdarda mənə pul verməyib və ondan hər hansı iş görmək adıyla pul istəməmişəm. Əlinin təhlükəli adam olduğunu, onun düz yolla getmədiyini hiss etdim. Buna görə onunla münasibətlərimiz pozuldu".
"İcazə vermədi"
İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, 2016-cı ilin yaz aylarında axşam radələrində avtomobillə evə gələrkən Sevil ona yaxınlaşıb, özünü gözəllik salonunun icarədari kimi təqdim edib, banka keçirmək üçün 1000 manat pul istəyib: "Tanış olmadığımdan hansı səbəbdən ona 1000 manat verməli olduğumu soruşdum, imkanım çatmadığına görə borc verə bilməyəcəyimi dedim. Sevil məndən üzr istədi və getdi.
Bundan sonra Sevil hər dəfə evə gəldiyim vaxt mənimlə rastlaşaraq, salam verir, hal-əhval tuturdu. Əvvəllər Sevilin bu hərəkətlərinə fikir vermirdim. Sonra aramızda münasibətlər quruldu, bir yerdə yaşadıq və həmin ərəfədə ona 1000 manat verdim.
Bir müddət sonra onun 3 övladı olduğunu, 6 ildir həyat yoldaşından rəsmən ayrıldığını bildim. Bir dəfə Sevil ağlaya-ağlaya yanıma gəldi, qardaşı Vaqifin ağır vəziyyətdə olduğunu, ürəyində problemlər yarandığını dedi. Ona ürək-dirək verdim. Sevillə bu danışıqdan sonra təxminən 1 həftə əlaqə saxlaya bilmədim.
Sevil özü mənə zəng vurdu, qardaşı Vaqifin rəhmətə getdiyini bildirəndə yasa getmək istədim. Sevil mənə söz-söhbət olacağını bildirdi və buna icazə vermədi".
"Hər şeyin yaxşı olduğunu bildirdi"
Əli qeyd edib ki, təxminən 10 gün sonra Sevillə görüşəndə qardaşı Vaqifilə birlikdə Binəqədi rayonu ərazisində beton zavodu və mexanizmləri, Riqa şəhərində qardaşının böyük biznesi və yenə orada bankda 2,5 milyon avro məbləğdə pulu, Gürcüstanda bir qadınla birlikdə ortaq biznesi olduğunu deyib: "Həmin biznesi ələ geçirmək üçün məndən kömək istədi. O, maddi dəstək göstərməyimi, biznesə şərik olmağımı, bundan sonra qardaşından qalan nağd pulu, əmlakı yarıya bölməyi təklif etdi.
Binəqədidəki Beton zavodunun sənədlərini düzəltmək üçün Sevilə 30 000 manat verdim. Sonra ondan işlərin nə yerdə getdiyini soruşdum, hər şeyin yaxşı olduğunu bildirirdi".
"Normal həyat sürəcəyimizi dedi"
Zərərçəkmiş qeyd edib ki, Sevil Riqa şəhərində işlərin görülməsi üçün 35000 manat istəyib və həmin pulları ona Yasamal rayonunda yerləşən mənzildə verib:
"Sonra Sevil viza açaraq Riqa şəhərinə getdiyini dedi, 10 gün keçmiş zəng edərək qardaşı Vaqifin oğlunun yıxılaraq vəfat etməsi ilə əlaqədar Bakı şəhərinə qayıtdığını bildirdi. Geri qayıtdıqdan sonra mənimlə 2-3 ay müddətində normal görüşmədi və görəcəkləri iş barədə söhbət edə bilmədik.
Bir müddət sonra Sevil anasının da vəfat etdiyini, başının hüzrlərə qarışdığını bildirdi. Mənimlə görüşlərdən yayındı.
Yanıma gələndə keçmiş həyat yoldaşının geri qayıtdığını, qardaşının əmlakına onun da şərik olmaq istədiyini söylədi, ərini uzaqlaşdırmaq üçün müəyyən məbləğ lazım olduğunu dedi. Onunla razılaşmadım. Sevil məni sakitləşdirdi, ərini uzaqlaşdırdıqdan sonra qalan əmlakı yarı bölərək, normal həyat sürəcəyimizi dedi".
Əlinin sözlərinə görə, bu vədlərə inandığı üçün 2017-ci ilin əvvəllərində iş yoldaşı vastəsi ilə Sevilə 42.000 manatı göndərib: "Sonra qohumum vasitəsi ilə Sevilə 50.000 dollar göndərdim. Sevil pulları Yasamal rayonu 20 nömrəli məktəbin yaxınlığında görüşərək alıb və telefon vasitəsi ilə zəng edərək mənə bildirib.
Bir neçə gün sonra Sevil zəng vuraraq keçmiş ərinin bu məbləğlərlə razılaşmadığını, əlavə 40.000 manat da istədiyini bildirdi. Onun yaşadığı ünvana gəldim. Mənzildə Sevilə 40.000 manat verdim. Aradan bir-iki ay kecdikdən sonra qardaşının övladı vəfat etdiyinə görə qardaşı və onun həyat yoldaşı burada qalmaq istəmədikləri üçün onları Almaniyaya yola salmaq üçün pul istədi. Buna görə də ona 30000 ABŞ dollar verdim".
Zərərçəkmiş deyib ki, sonradan Sevilin onu aldatdığını başa düşüb və onunla 2018-2019-cu illərdə SMS vasitəsilə yazışaraq ondan pullarını geri qaytarmasını istəyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevil 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş şəxsin mülki iddiası təmin olunub. Ona dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilib./teleqraf.com