Bakıda həmyaşıdı Həsən Qurbanovu qətlə yetirməkdə təqsirləndirilən Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Yasin Mirzəyev ifadəsində deyib ki, onlar arasında "Vatsap" qrupunda mübahisə yaranıb:
"Həsəngil bir neçə nəfərlə məktəbin qarşısına gəldilər. Dedilər ki, qəbiristanlığa gedək. Orada mübahisə düşdü. Həsən Əlirza ilə mübahisə edəndə bıçaqla vurdum. Birini vurdum, elə bildim dəyməyib. Ona görə də ikincini də vurdum. Sonra köməyə adam çağırdım. Dedim ki, təcili yardım çağırın. Yaxınlıqda yerləşən sexin əməkdaşları köməyə gəlmişdilər".
Məhkəmənin baxış iclası aprelin 14-ə təyin olunub.
Rəsmi məlumata görə, hadisə oktyabrın 2-də Bakının Sabunçu rayonu ərazisində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Həsən Qurbanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirli bilinib.