“Balıq həm sağlamlıq, həm də dad baxımından dəyərli qidadır. Amma alarkən diqqətli olmaq vacibdir, çünki təzəlik, saxlanma və növ seçimi insan sağlamlığına birbaşa təsir edir”.
Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Balıq alarkən diqqət edilməli olan nüanslardan danışan ekspert bildirib ki, təzə balığın gözləri parlaq və şişkin olur. Bulanıq və çökük gözlər isə köhnə balığın əlamətidir.
F.Səfərovun sözlərinə görə, balıq dəniz və ya göl qoxusu verməlidir. Əks halda çürük və ya kəskin qoxulu balıqdan uzaq durmaq tövsiyə edilir:
“Balığın dərisi parlaq, bərk və pulcuqları sıx yapışmış olmalıdır. Qəlsəmələrin qırmızı və ya çəhrayı rəngdə olması da təzəlik göstəricisidir. Əti bərk və elastik olmalı, basıldıqda tez əvvəlki formasına qayıtmalıdır”.
Müsahibimiz Omeqa-3 və D vitamini ilə zəngin olan dəniz balıqlarını, əsasən siyənək, skumbriya, uskumru, qızılbalıq, sardina, levrek, çipura və tuna kimi növləri seçməyi məsləhət görüb.
Qida eksperti eyni zamanda qeyd edib ki, təmiz su hövzələrindən tutulan yerli çay və göl balıqları da sağlamlıq üçün yararlıdır:
“Sardina, hamsi, sprat və s kimi kiçik ölçülü balıqlar iri balıqlara nisbətən daha az civə və toksin toplayır. Belə balıqların alınması məsləhətlidir”.
Fərid Səfərov, qida eksperti
F.Səfərov nəzərə çatdırıb ki, qılınc balığı, köpək balığı, iri tuna və s. kimi çox iri yırtıcı balıqların civə miqdarı yüksək olur və onlardan uzaq durmaq lazımdır.
Həmsöhbətimiz bildirib ki, şübhəli yerdən gətirilən, ucuz və kütləvi dondurulmuş balıqları almamaq lazımdır. Dediyinə görə, onlar əksər hallarda uzun müddət dondurucuda qalır və keyfiyyət itirir:
“Yerli bazarda uzun müddət açıqda qalmış, üzərində çoxlu milçək olan və ya düzgün soyudulmamış balıqlar da alınmamalıdır. Bundan başqa, çay balıqları əgər çirklənmiş sulardan tutulubsa, parazit və ağır metal riski var”.
Fərid Səfərov sonda vurğulayıb ki, balıq alarkən ilk növbədə təzəliyə diqqət etmək, daha çox orta və kiçik ölçülü dəniz balıqlarına üstünlük vermək lazımdır:
“Çox iri, nadir və şübhəli yerdən gətirilmiş balıqlardan uzaq durun”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirir ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.
- Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;
-Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;
- Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;
- Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.
- Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.
- Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.
- Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;
- Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.
- Təzə balıqlarınorqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.
Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.
Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.
Mina Mikayılova