• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Baş Prokurorluq üç Rusiya vətəndaşını AXTARIŞA VERDİ

SİYASƏT

17 Avqust 2026 | 18:42

Baş Prokurorluq üç Rusiya vətəndaşını AXTARIŞA VERDİ

Azərbaycan Respublikasının Baş Prokurorluğunda ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, həmçinin terrorçuluğa açıq çağırışlarla bağlı cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, istintaq zamanı Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı və jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, həmin şəxslər 14 iyul 2026-cı il tarixində “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş çağırışlarla çıxış ediblər.

Bundan başqa, avqustun 13-də həmin kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə, ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirildiyi, bununla da terrorçuluğa açıq çağırışlar edildiyinə dair əsaslı şübhələrin yarandığı bildirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən şəxslərin Azərbaycan hüdudlarından kənarda olması nəzərə alınaraq barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin onların tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib. Eyni zamanda, şəxslərin “İnterpol” kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Baş Prokurorluq bəyan edib ki, Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun hüquqi tədbirlər bundan sonra da davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR