Yaxın regionda gərginliyin artdığı bir vaxtda İran Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində dron zərbəsi endirməsi təkcə hərbi deyil, həm də siyasi və mənəvi baxımdan ciddi suallar doğuran hadisədir. Bu addım molla rejiminin Azərbaycanla münasibətlərə yanaşmasında müşahidə olunan riyakarlığın və nankorluğun nümunəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan illər boyu qonşuluq münasibətlərinə sadiq qalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkəyə qarşı istifadə olunmayacaq və heç vaxt İran üçün təhlükə mənbəyi olmayıb. Bu prinsip ölkənin xarici siyasətində dəyişməz xətt kimi qorunub saxlanılıb.
Bunun ən bariz nümunələrindən biri də İranın Ali Liderinin ölümü ilə bağlı Azərbaycanda göstərilən münasibətdir. Azərbaycan Prezidenti dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib. Hətta Azərbaycan tərəfi İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bütün bunlar Azərbaycanın çətin vaxtlarda belə qonşuluq münasibətlərinə sadiq qaldığını göstərən addımlar idi.
Lakin molla rejiminin davranışı tam fərqli mənzərə ortaya qoyur. İran tərəfinin Naxçıvan ərazisində mülki obyektə - mülki vətəndaşların istifadə etdiyi hava limanına dron hücumu təşkil etməsi yalnız nankorluq deyil, həm də mülki infrastruktura qarşı açıq terror aktı kimi qiymətləndirilməlidir. Hava limanı kimi mülki obyektin hədəfə alınması beynəlxalq humanitar hüququn ruhuna da ziddir və bu addımın heç bir hərbi məntiqi izahı yoxdur.
Üstəlik, mülki infrastruktura dron hücumu təşkil etmək hərbi güc nümayişi deyil. Bu, əksinə, acizlik və qorxaqlıq əlaməti kimi görünür. Çünki mülki obyektləri hədəfə almaq müharibə strategiyası deyil, daha çox siyasi təzyiq və qorxu yaratmaq cəhdidir.
Tarix isə göstərir ki, Azərbaycana qarşı düşmənçilik edən və bu ölkəyə hücum edən tərəflər sonradan həmişə peşman olublar. Bu gün Naxçıvan istiqamətində atılan bu addım da istisna olmayacaq. İranın molla rejimi də gec-tez bu qorxaq və məsuliyyətsiz qərarın nəticələri ilə üzləşəcəyini anlayacaq.
Rəsmi Bakı cavab haqqını özündə saxlayır.
Zeynəb Rzayeva
Bakı 




