Xəbər verdiyimiz kimi, ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd edilib. Sui-qəsd cəhdindən sonra Tramp xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə yoxdur.
FTB-nin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib. Onun bu addımının səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bəzi demokratlar hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd onun prezident seçkilərində qalib gəlmək şansını artırıb.
Demokrat Partiyasının məsləhətçisi lakonik olaraq deyib:
“Prezidentlik yarışı dünən axşam başa çatdı”.
“NBC” qeyd edib ki, qərarsız seçicilər çox güman ki, “rəğbətlə” Trampa səs verəcəklər. Digər tərəfdən ABŞ prezidenti Cozef Baydenin debatdakı fəlakətli çıxışı və Demokratlar Partiyasındakı qarışıqlıq respublikaçıların xeyrinədir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əgər Donald Trampa qarşı həyata keçirlən sui-qəsd planlaşdırılıbsa, bu, ancaq demokratlar tərəfindən reallaşdırıla bilər.
Professorun sözlərinə görə, siyasi texnologiyaya nəzərə salsaq, respublikaçıların belə bir plana ehtiyacları yoxdur:
"Trampın kifayət qədər nüfuzu var və demokratlar da bunun fərqindədir. Demokratların Cozef Baydenlə seçkiyə qatılması artıq onların uduzmasına dəlalət edir. Proses elə yerdədir ki, artıq namizədi dəyişdirmək də qeyri-mümkündür. Bütün hallarda dünyaya özünü "nümunə" kimi göstərməyə çalışan ABŞ artıq terrorun əsdiyi-coşduğu bir ölkəyə çevrilir. Siyasətdə bumeranq effekti deyilən anlayış var. ABŞ hansı ölkələrdə nə metod tətbiq edibsə, hamısı bir-bir özünə qayıdır. Sui-qəsdi həyata keçirən şəxsin kimliyi, hansı siyasi cinahda təmsil olunduğu konkret bəllidir və şübhələrə yer yoxdur. Çünki sui-qəsdçini zərərsizləşdiriblər. Əgər buna cəhd edən şəxsin kimliyi ilə bağlı qeyri-müəyyənlik olsaydı, yaxud müsəlman olsaydı, hadisənin üzərindən başqa oyunlar, ssenarilər qurulardı. Amma seçki kampaniyası dövründə bir namizədə 8 güllə atan şəxs özlərindəndir".
C.Nuriyev vurğulayıb ki, məqsəd digər cinahın ən ciddi fiquru sayılan Trampı fiziki baxımdan aradan götürmək idi:
"Demokratlar yaxşı bilir ki, Bayden Trampla bacara bilmir. Xüsusən, sonuncu debatdan sonra Baydenin vəziyyətinin heç də yaxşı olmadığı üzə çıxdı. Adam tez-tez çaşır, adları, hadisələri qarışdırır və özünü idarə edə bilmir. Yəni demokratlar üçün məsələ kifayət qədər ciddidir. Trampa qarşı sui-qəsdin seçkilərə birbaşa təsiri qaçılmazdır".
Aydın Baxış