ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropada ciddi narahatlıq yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Almaniya kansleri Olaf Şoltsun mətbuata xüsusi bəyanatla çıxış etməsi və ABŞ-a sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməsinin zəruriliyini açıq şəkildə xatırlatmaq qərarı məhz bu səbəbdəndir.
Almaniya hökumətinin başçısı Danimarkanın Baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Kansler Trampın bəyanatlarını Fransa prezidenti Emmanuel Makronla SMS vasitəsilə müzakirə edib.
Çərşənbə günü səhər Şolts bildirib ki, Avropa ölkələrinin liderləri Trampın son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi bütün ölkələrə şamil edilir.
“Mar-a-Laqoda”kı malikanəsində jurnalistlərə danışan Tramp, Panama kanalı və Qrenlandiya problemlərini həll etmək üçün gücə və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib.
Əvvəllər o, ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bəyan edib, həmçinin Danimarkanın tərkibində muxtariyyət olan Qrenlandiyanın ABŞ-a birləşdirilməsindən danışıb.