• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Böyrək transplantasiyası ilə həyata qayıtdı: Kamalın xilas hekayəsi

CƏMİYYƏT

17 Iyul 2025 | 14:09

Böyrək transplantasiyası ilə həyata qayıtdı: Kamalın xilas hekayəsi

Ölümdən sonra orqan donorluğu — insanın bu dünyadan köçdükdən sonra başqa birinə həyat bəxş etməsi deməkdir. Bu mənəvi və həyati əhəmiyyət daşıyan addım sayəsində həyatını yenidən qazanan şəxslərdən biri də Kamal Qəmbərovdur.

Bakıvaxtı.az xəbər verir ki, hər şey Kamal Qəmbərovun səhhətində yaranan problemlərlə başlayıb. Artan halsızlıq, yorğunluq və bədəndəki şişkinliklər onun həkimə müraciət etməsinə səbəb olub. Müxtəlif analizlər və müalicə kursları nəticə vermədiyindən, Kamala hemodializ təyin edilib. Lakin bu da uzunmüddətli həll deyildi. Onun həyatını yalnız böyrək transplantasiyası xilas edə bilərdi.

Kamal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək gözləmə siyahısına daxil edilib. Nəhayət, gözlənilən ümidverici xəbər gəlib – meyit donorun böyrəklərindən biri Kamal üçün uyğun hesab edilib.

O, Gömrük Hospitalında peşəkar həkim komandasının nəzarətinə götürülüb və transplantasiya əməliyyatına hazırlıqlara başlanılıb. Əməliyyat cərrah Mircəlal həkimin rəhbərliyi ilə uğurla həyata keçirilib.

Hazırda Kamal Qəmbərovun səhhəti stabildir. O, həyat tərzini tamamilə dəyişərək həkim tövsiyələrinə ciddi şəkildə əməl etdiyini bildirir:

“Əməliyyatdan sonra siqareti və digər zərərli vərdişləri tərgitmişəm. Sağlam qidalanıram, gündəlik rejimimə diqqətlə yanaşıram".

Kamalın sözlərinə görə, bu təcrübə onun orqan donorluğunun mənəvi tərəfini dərindən dərk etməsinə səbəb olub:

“Mənim həyata qayıtmağıma səbəb olan donorun ruhuna hər gün rəhmət oxuyuram. O, təkcə mənim deyil, başqalarının da həyatını xilas edib. Mən də vəsiyyət etmişəm ki, nə vaxtsa dünyamı dəyişsəm, orqanlarım ehtiyacı olan insanlara verilsin. Bu, həyatın ən mənalı hədiyyəsidir. Eyni zamanda, Səhiyyə Nazirliyinə də bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edirəm".


SON XƏBƏRLƏR