Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən təşəbbüslər “Böyük Qayıdış” proqramının mühüm tərkib hissəsidir.
Bakıvaxtı.az xəbər verir ki, proqram çərçivəsində növbəti tibbi aksiya Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub. Aksiya zamanı nazirliyin M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı və təcrübəli həkim heyəti bölgə sakinlərinə yerində tibbi xidmət göstərib.
Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən ətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislər tərəfindən qəbul edilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.
Ürək-damar, həzm sistemi, böyrək və endokrin xəstəliklərin erkən aşkarlanması istiqamətində geniş müayinələr həyata keçirilib. Müasir tibbi avadanlıqlardan istifadə olunmaqla elektrokardioqrafiya (EKQ) və digər zəruri diaqnostik prosedurlar tətbiq edilib. Bu isə xəstəliklərin ilkin mərhələdə müəyyən olunmasına və vaxtında müdaxilə imkanlarının artırılmasına şərait yaradıb.
Təxminən 80 nəfərin faydalandığı tibbi aksiya yerli sakinlər tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Layihənin əsas üstünlüklərindən biri tibbi xidmətlərin birbaşa əhalinin yaşadığı əraziyə çatdırılması və onların paytaxt və digər iri şəhərlərə üz tutmasına ehtiyacın azalmasıdır.
Qeyd edək ki, bu cür tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və profilaktikasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bildirir ki, bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və “Böyük Qayıdış” prosesi çərçivəsində əhalinin sağlamlığı prioritet sahələrdən biri olaraq qalacaq.
Bakı 











jpg-1777026262.jpg)




