• Bakı 25° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır

CƏMİYYƏT

30 Sentyabr 2022 | 11:20

Böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır

"Böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib. 

Onun sözlərinə görə, xüsusilə, mobil telefon, planşet, televizor ilə çox vaxt keçirənlər daha çox oyaq qalmalı olurlar, bu da onların sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Bu o demək deyil ki, hər vaxtında yatan uşaq uzun boylu olacaq. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər.

Həkim qeyd edib ki, qızlarda boy artımı əsasən 16 yaş, oğlanlarda isə 18 yaşa qədər davam edir: "Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər. Amma bu zaman da altda yatan patoloji səbəb araşdırılmalıdır".

A.Ələkbərzadə bildirib ki, hər yaş dövründə uşaqların böyümə sürəti müxtəlif olur. Uşaqlar həyatın ilk ilində orta hesabla 25 sm, ikinci ilində 10-12 sm, 2-5 yaş arasında 7 sm, 5 yaşdan cinsi inkişaf dövrünə qədər 5-6 sm, cinsi inkişaf dövründəki boy sıçraması isə ildə 8-10 sm olur. Məhz bu son boy sıçramasını etdikdən sonra sümüklərimizdə yerləşən böyümə zonaları öz sümükləşməsinin 98-99%-ni başa çatdırır.

Uzun müddət yaşıdlarından geri qalan uşaqlar qrupunun olduğunu deyən həkimin sözlrinə görə,  amma məktəbin son siniflərində boyları sürətlə uzanır və gəlib yaşıdlarına çatırlar, hətta onları keçirlər: "Elə buna görə də, valideynlər bəzən qısaboylu uşaqlarını bu ümidlə həkimə gətirməkdə səhlənkarlıq edirlər. Artıq böyümə zonaları tamamilə bağlandıqda, boyun heç uzanmadığını hiss etdikləri zaman həkimə müraciət edirlər ki, o zaman da bir şey etmək mümkün olmur".

A.Ələkbərzadə qeyd edib ki, boyları sonradan uzanan uşaqlar həkim tərəfindən müəyyən edilməlidir. Əgər uşaqlarda boy qısalığı varsa, yaşıdlarından geri qaldığı hiss olunursa, bu təqdirdə həkim müayinəsində olmalı və vaxtında müdaxilə edilməlidir.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Avqust 2025