Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirrel iştirak ediblər.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununun təşkil etdiyi xüsusən vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli dinamik inkişaf edən münasibətlər mövcuddur.
Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Teymur Musayev deyib: “Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Eyni zamanda, nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində veteranlarımız üçün bir çox tibbi xidmətlər göstərilir”.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Lord Con Alderdays Britaniyanın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, bu münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Lord Con Alderdays Böyük Britaniyanın bu istiqamətdə də müvafiq dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Konstruktiv anlaşma şəraitində keçən görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakı 




