Bir neçə gün öncə ABŞ lideri Donald Trampla Oval Ofisdə gərgin anlardan sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstəyi artırmaq üçün Londonda Avropa liderlərinin sammiti keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, sammitdə Türkiyə xarici işlər naziri Hakan Fidan, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski iştirak edib. Müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olub.
Avropa ölkələrinin Ukraynaya göstərdiyi dəstək ABŞ-Avropa münasbətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Azər Qasımov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, Oval Ofisdə Zelenski və Tramp arasında baş verən məlum hadisədən sonra Ukrayna prezidentinin Böyük Britaniyaya grtməsi və Avropa liderlərinin orada sammit keçirməsi onu göstərir ki, bu sammit növbədənkənar baş tutub.
"Hadisələrin belə gedişini heç kim gözləmirdi. Sammit gedişi və sonrası verilən bəyanatlardan görünən odur ki, Avropa liderləri ehtiyatlı bəyanatlar verərək ABŞ ilə əlaqələrə önəm verdiklərini göstərdilər. Amma ABŞ-siz, yeni tarixi dönəmin başladığını da başa düşürlər. Türkiyənin sammitə çağrılması isə Avropanın Türkiyəsiz çətin durumda olduğunu başa düşdüyünü nümayiş etdirir".
Azər Qasımov, politoloq
A.Qasımov hesab edir ki, mövcud gedişat hələlik ABŞ və Avropa arasında qırılma nöqtəsi demək deyil.
"Tərəflər sadəcə münasibətlərin əvvəlki kimi olmayacağını başa düşüblər. Avropa isə artıq öz taleyinin özünün həll etməli olduğu gerçəyini anlayıb. Lakin bunun üçün çox iş görülməlidir. Avropa üçün rahat dövr başa çatır. Avropa öz təhlükəsizliyi üçün əlini daşın altına qoymalıdır",- deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif