Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir.
Bakıvaxtı.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadla xəbər verir ki, bu il Ramazan ayının 18-ci günündən 19-cu gününə keçən gecə ilk Qədr gecəsidir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Qeyd edək ki, digər Qədr gecələri aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.
Bundan əlavə, şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Allah orucunuzu qəbul etsin!
Nərgiz Qalibqızı
















