• Bakı 32° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Bu təhsil müəssisəsində təlim prosesi başlayır - NƏTİCƏLƏR AÇIQLANDI

CƏMİYYƏT

24 Avqust 2026 | 11:07

Bu təhsil müəssisəsində təlim prosesi başlayır - NƏTİCƏLƏR AÇIQLANDI

Bu gündən Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunan yeni kursantların təlim prosesinə start verilir.  

Bakıvaxtı.az xəbər verir ki, yeni tədris ilindən etibarən instituta qəbul olunan kursantlar nəzəri biliklərlə yanaşı, hərbi hazırlıq, fiziki hazırlıq, liderlik və praktiki bacarıqlar istiqamətində də təlimlər keçəcəklər. 

Heydər Əliyev adına Hərbi İnstitut Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. İnstitut ali və əlavə təhsil proqramlarını həyata keçirir, həmçinin tətbiqi elmi tədqiqatlar aparır. 

İnstitutda hazırda 3 fakültə fəaliyyət göstərir:

Quru Qoşunları və Ümumfənlər fakültəsi

Hərbi Hava Qüvvələri fakültəsi

Hərbi Dəniz Qüvvələri fakültəsi

Bu fakültələrdə ümumilikdə 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır. Bununla yanaşı, kursantlar bakalavriat səviyyəsində sistemlər mühəndisliyi, aerokosmik mühəndislik, radiotexnika və telekommunikasiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi ixtisaslarından biri üzrə mülki ali təhsil də alırlar.

Beləliklə, institutda kursantların hazırlığı yalnız hərbi ixtisasla məhdudlaşmır. Təhsil prosesi gələcək zabitlərin həm hərbi, həm də mühəndislik istiqamətində peşəkar kadr kimi formalaşdırılmasına hesablanıb.

Milli Müdafiə Universitetinin məlumatına görə, müasir hərbi təhsil sistemində kursantların nəzəri hazırlığı ilə yanaşı, praktiki bacarıqlarının artırılması, xarici dil biliklərinin inkişaf etdirilməsi, liderlik və idarəetmə qabiliyyətlərinin formalaşdırılması, eləcə də müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi əsas istiqamətlərdəndir.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına təhsil aldıqları ixtisasa uyğun bakalavr diplomu və “leytenant” hərbi rütbəsi verilir.

İnstitutun tarixi isə Azərbaycan milli hərbi təhsilinin formalaşması ilə sıx bağlıdır. Onun tarixi 1918-ci ildə yaradılan Milli Hərbiyyə Məktəbinə gedib çıxır. 2022-ci il martın 5-də Prezident İlham Əliyevin fərmanı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılıb və Milli Müdafiə Universitetinin tabeliyinə verilib. 

Hazırda institut Azərbaycan Ordusu üçün yeni nəsil zabitlərin hazırlanmasının əsas təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərir.

Murad Tapdıq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026