Ölkəmizdə bu ilin yay aylarında orta aylıq temperatur iqlim normasından 3-4 dərəcə yüksək olub.
Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, bu dövr ərzində havanın maksimal temperaturu Abşeron yarımadasında 38 dərəcə, bölgələrdə isə 40-43 dərəcə isti qeydə alınıb.
Gülnarə Abbasova qeyd edib ki, ötən ilin yay aylarında 12-15 gün, bu il yayın ötən dövrü ərzində isə 19-24 gün yağıntılı gün müşahidə olunub.

Gülnarə Abbasova, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini
“Bu ilin yay dövrü ərzində ölkə ərazisində həm siklonik, həm də kütlədaxili proseslərin inkişafı nəticəsində mürəkkəb sinoptik şərait formalaşıb. Ayrı-ayrı zaman periodlarında hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntılar leysan xarakterli, intensiv olub. Buna müvafiq olaraq ildırım-dolu prosesinin də intensivliyi artıb”, - deyə Gülnarə Abbasova vurğulayıb.
Mina Mikayılova
















