Sentyabrın 12-13-də Yeni Dehli BRICS sammitinə ev sahibliyi edəcək. Sammit çərçivəsində Çin lideri Si Cinpinlə Hindistanın Baş naziri Narendra Modi arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
Dünyanın ən böyük əhalisinə və sürətlə inkişaf edən iqtisadiyyatlarına malik iki dövlətin liderlərinin bir araya gəlməsi yalnız Çin-Hindistan münasibətləri baxımından deyil, bütövlükdə Asiyada formalaşan yeni qüvvələr balansı baxımından mühüm hadisə hesab olunur.
Pekin və Yeni Dehli BRICS və Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaş olsalar da, onların münasibətlərində sərhəd mübahisələri, iqtisadi rəqabət, Pakistan amili və Hindistanın ABŞ-la yaxınlaşması kimi ciddi ziddiyyətlər qalmaqdadır. İki ölkənin Himalay sərhədində yaşanan hərbi qarşıdurmalar qarşılıqlı etimadı zəiflədib, Hindistan isə Çin investisiyalarına və texnologiya şirkətlərinə münasibətdə daha sərt mövqe tutmağa başlayıb. Bununla yanaşı, sürətlə dəyişən beynəlxalq vəziyyət Pekin və Yeni Dehlini qarşıdurmanı nəzarətdə saxlamağa məcbur edir.
Si-Modi görüşü İran müharibəsinin enerji bazarlarını sarsıtdığı, ABŞ-Çin rəqabətinin kəskinləşdiyi və BRICS-in vahid siyasi mövqe formalaşdırmaqda çətinlik çəkdiyi bir dövrə təsadüf edir. Buna görə görüşün iki ölkə arasında həqiqi normallaşma yaradacağı, yoxsa yalnız BRICS sammiti ərəfəsində siyasi görüntü xarakteri daşıyacağı müzakirə olunur.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, uzun müddət davam edən gərginlikdən sonra Çin və Hindistan liderlərinin bir masa arxasına keçməsi özlüyündə mühüm siyasi siqnaldır. Onun sözlərinə görə, Pekin Hindistanın ABŞ-nin Hind-Sakit okean strategiyasına tam inteqrasiya etməsinin qarşısını almağa çalışır. Yeni Dehli isə Çinlə sərhəddə sabitlik yaratmaq və iqtisadi əlaqələrdən əldə etdiyi imkanları itirməmək istəyir:
“İran müharibəsi, enerji qiymətlərinin artması və qlobal ticarətdəki qeyri-müəyyənlik iki dövləti münasibətləri yumşaltmağa sövq edir. Buna baxmayaraq, gözlənilən görüşü strateji ittifaqın başlanğıcı kimi qiymətləndirmək tezdir. Bu, daha çox qarşıdurmanı idarə etmək və rəqabətin hərbi müstəviyə keçməsinin qarşısını almaq cəhdidir”.
Çin və Hindistan arasında münasibətlərin tam normallaşmasına mane olan əsas problemlərdən danışan politoloq deyib ki, əsas problem Himalay bölgəsindəki mübahisəli sərhəd xətti və həmin ərazilərdə hərbi qüvvələrin yerləşdirilməsidir. Tərəflər sərhəddə nisbi sakitlik yaratsalar da, qarşılıqlı etimad hələ bərpa edilməyib:
“Hindistan Çinin Pakistanla strateji əməkdaşlığını və mübahisəli ərazilərdən keçən Çin-Pakistan İqtisadi Dəhlizini öz təhlükəsizliyinə təhdid hesab edir. Pekin isə Hindistanın ABŞ, Yaponiya və Avstraliya ilə “Dördlü Təhlükəsizlik Dialoqu” çərçivəsində əməkdaşlığından narahatdır”.
Müsahibimiz qeyd edib ki, iqtisadi münasibətlərdə də ciddi ticarət balanssızlığı və Hindistanın Çin texnologiyalarından asılılığı mövcuddur. Buna görə liderlərin siyasi iradəsi konkret sərhəd və təhlükəsizlik mexanizmləri ilə tamamlanmasa, yaxınlaşma simvolik səviyyədə qala bilər.
Züriyə Qarayeva: iqtisadi münasibətlərdə də ciddi ticarət balanssızlığı mövcuddur
Si-Modi görüşünün BRICS-in gələcəyinə və təşkilat daxilindəki qüvvələr balansına təsirinə gəlincə, Z.Qarayeva bildirib ki, Çin və Hindistanın dialoqu BRICS-in daxili sabitliyi və beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır. Təşkilatın iki ən böyük üzvü arasında açıq qarşıdurmanın davam etməsi BRICS-in vahid siyasi mərkəzə çevrilmək iddiasını zəiflədir:
“Tərəflər İran müharibəsi, enerji təhlükəsizliyi və beynəlxalq ticarət məsələlərində ortaq mövqe müəyyənləşdirə bilsələr, sammitin nəticələri daha təsirli olar. Lakin BRICS məcburi qərarlar qəbul edən hərbi-siyasi ittifaq deyil və üzvlərin milli maraqları bir çox hallarda üst-üstə düşmür. Rusiya və Çin təşkilata Qərbə qarşı alternativ mərkəz kimi baxdığı halda, Hindistan strateji müstəqilliyini və ABŞ ilə münasibətlərini qorumağa çalışır. Buna görə Si-Modi görüşü BRICS-i vahid bloka çevirməsə də, onu ziddiyyətlərin idarə olunduğu çevik platforma kimi gücləndirə bilər”.
“Çin-Hindistan yaxınlaşması Azərbaycan və regiondakı nəqliyyat layihələri üçün hansı nəticələri yarada bilər” sualını cavablandıran politoloq deyib ki, Çin və Hindistan arasında gərginliyin azalması bütövlükdə Avrasiya ticarətinin və quru nəqliyyat bağlantılarının inkişafına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərb arasında yerləşən əsas tranzit dövlətlərdən biri kimi bu prosesdən yeni imkanlar əldə edə bilər:
“Bununla yanaşı, münasibətlərin normallaşması Çin və Hindistanın alternativ marşrutlara, o cümlədən İran, Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçən xətlərə marağını artıracaq. Bu vəziyyət Orta Dəhliz üçün həm əlavə yük potensialı, həm də digər nəqliyyat layihələri ilə rəqabət deməkdir”.
“Bakı dəyişiklikləri təhlükə kimi deyil, logistika infrastrukturunu, liman imkanlarını və regional tərəfdaşlıqları genişləndirmək üçün fürsət kimi qiymətləndirməlidir. Azərbaycan balanslaşdırılmış xarici siyasətini qorumaqla Çin-Hindistan iqtisadi rəqabətindən tranzit, investisiya və enerji əməkdaşlığı sahələrində faydalana bilər”, -deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
















