• Bakı 16° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Cənubi Qafqazda yeni səhifə: İrəvanda sülh gündəliyi

SİYASƏT

02 Oktyabr 2025 | 14:14

Cənubi Qafqazda yeni səhifə: İrəvanda sülh gündəliyi

Ermənistan parlamenti yaxın günlərdə növbədənkənar iclas keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, gündəliyə daxil edilən əsas məsələ “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi haqqında” bəyanat layihəsidir.

Sənədin müəllifi parlamentdə çoxluğu təşkil edən hakim “Mülki müqavilə” fraksiyasıdır. Layihənin əsas məqsədinin Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesinə dəstək vermək olduğu bildirilir. Gözləntilərə görə, bəyanat yalnız iki ölkə arasında aparılan danışıqların təsdiqi deyil, həm də regionda kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması və beynəlxalq vasitəçilik formatları ilə bağlı mövqelərin ifadəsini əhatə edəcək.

Qeyd edək ki, növbədənkənar iclas plenar iclasdan dərhal sonra keçiriləcək. Bu addım Ermənistan hakimiyyətinin sülh prosesini siyasi gündəmin mərkəzinə çıxarmaq niyyətindən xəbər verir. Ekspertlər isə hesab edirlər ki, bəyanat həm daxili ictimai rəyə, həm də qarşıdakı seçkilərə hesablanmış siyasi mesaj xarakteri daşıya bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Murad Saddədinov bildirib ki, “Mülki müqavilə” Ermənistan parlamentində çoxluğu təşkil edən fraksiyadır. Onun nümayəndəsi də Ermənistanın Baş naziridir. Bu, hazırda hakimiyyətdə olan parlament qrupudur:

“Çox güman ki, onların təqdim etdiyi bəyanat layihəsi bir daha Ermənistanın Baş naziri tərəfindən səsləndirilmiş mövqeləri əks etdirir və Ermənistan-Azərbaycan arasında aparılan sülh prosesini dəstəkləmək məqsədi daşıyır”.

Müsahibimiz qeyd edib ki, son dövrlərdə baş verən hadisələr - xüsusilə Vaşinqtonda keçirilən görüş, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin və ABŞ Prezidentinin iştirakı ilə sülh müqaviləsinin paraflanması, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən bəyanatlar, Minsk qrupunun ləğvi, eləcə də kommunikasiyaların açılması (yəni “Tramp marşrutu”nun həyata keçirilməsi) - bütün bunların bəyanatda əksini tapacağı gözlənilir".

=

Murad Saddədinov: Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini tələb edir

Onun sözlərinə görə, bu bəyanatın bir neçə məqsədi var. İlk növbədə, gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində aparıcı fraksiya olan “Mülki müqavilə” Azərbaycanla sülh prosesini öz seçki maraqlarına uyğun şəkildə istifadə etmək niyyətindədir:

"Digər tərəfdən, sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi problem mövcuddur. Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini tələb edir. Çox güman ki, bu bəyanat birbaşa olmasa da, dolayısı ilə gələcəkdə keçirilə biləcək referendumda seçicilərin mövqeyinə təsir etmək məqsədi daşıyır".

Həmsöhbətimiz qeyd edib ki, ümumiyyətlə, bu bəyanatın əsas mahiyyəti Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması, sülh istiqamətində fəaliyyət göstərməsi, Türkiyə ilə münasibətlərin bərpası və ümumi olaraq Ermənistanın gələcək xarici siyasətinin əsas prioritetlərinin müəyyənləşdirilməsi olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Oktyabr 2025