Azərbaycan Konstitusiyasında islahatlar, əslində, bir millətin gələcəyini yenidən yazmaq cəhdidir.
Dövlətin təməl prinsiplərini, idarəetmə modelini və hər bir vətəndaşın hüquqlarını əks etdirən bu sənəd ölkənin hüquqi və sosial inkişafına yön verən əsas gücdür. Azərbaycan yeni bir dövrə qədəm qoyan zaman Konstitusiya islahatları məsələsi cəmiyyətin diqqət mərkəzindədir. Bu islahatlar, təkcə hüquqi çərçivəni yeniləmək deyil, eyni zamanda ölkənin demokratik institutlarını gücləndirmək, xalqın dövlətə olan inamını artırmaq və gələcəyə daha etibarlı addımlarla irəliləmək deməkdir.
Bəs ölkəmizin əsas hüquqi sənədi olan Konstitusiyada islahatların həyata keçirilməsi zəruridir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda bu dəyişikliklərə getməklə bağlı bir müzakirə aparılmır:
"Ölkəmizin ən ali sənədi olan Konstitusiyamızın dəyişdirilməsi üçün xüsusi bir zərurət olmalıdır. Bundan əlavə, dövlətin mövqeyi əsas götürülməlidir. Müəyyən hüquqi tənzimləmələr, analizlər aparılmalıdır. İşçi qruplar bu məsələlərlə bağlı müzakirələr keçirməlidir".
Ceyhun Məmmədov, Milli Məclisin deputatı
Deputat bildirib ki, bu məsələdə tələsmək lazım deyil.
"Düşünürəm ki, konstitusion islahatların həyata keçirilməsi mövzusunda tələsik addım atmağa gərək yoxdur. Çünki, istənilən halda zamanla bu məsələyə baxılacaq və müzakirə ediləcək. Hər şey zərurətdən doğur. Hazırda isə konstitusiyada dəyişikliklərin edilməsinə xüsusi bir ehtiyac parametri görünmür",- deyə Ceyhun Məmmədov əlavə edib.
Əli Hüseynov