"Azərbaycanda cinsi yolla keçən xəstəliklərin artması cinsi fəaliyyətin genişlənməsi ilə yanaşı, bu sahədə maarifləndirmənin yetərli olmaması ilə də bağlıdır".
Bunu Tibb elmləri doktoru, professor Adil Qeybulla cinsi yolla keçən xəstəliklərin artmasının səbəblərindən Bakıvaxtı.az-a danışarkən bildirib.
Onun sözlərinə görə, problemin kökləri arasında erkən yaşlarda cinsi münasibətlərin yayılması və gənclərin bu mövzuda kifayət qədər məlumatlı olmaması da var:
“Cinsi yolla keçən xəstəliklərin artması göstərir ki, bu istiqamətdə fəaliyyət genişlənib. Təəssüf ki, bununla yanaşı, insanların maarifləndirilməsi məsələsində ciddi boşluqlar var. Orta məktəblərdə belə müəyyən qrup şagirdlərin erkən yaşlarda cinsi münasibətlərə başlaması ilə bağlı məlumatlar eşidirik".
Müsahibimiz qeyd edib ki, erkən yaşda cinsi həyata başlayan şəxslər bəzən qorunma məsələlərini anlamır və ya buna əhəmiyyət vermirlər. Bu da müxtəlif cinsi yolla keçən infeksiyaların yayılmasına səbəb olur. Hər hansı infeksiya qadın orqanizminə düşdükdə uzun müddət qala və digər şəxslərə ötürülə bilər.
Adil Qeybulla: Hazırda bu sahədə vəziyyət müəyyən mənada nəzarətsizdir
Dediyinə görə, məsələnin digər tərəfi də odur ki, gənclər, xüsusilə gənc oğlanlar ailədən kənarda cinsi münasibətlərə başlayarkən bu barədə kifayət qədər məlumatlı olmurlar. Nəticədə müxtəlif infeksiyalara yoluxa bilirlər.
"Hazırda bu sahədə vəziyyət müəyyən mənada nəzarətsizdir. Bu məsələnin qanuniləşdirilməsi isə ciddi ictimai müzakirələrə səbəb ola bilər. Azərbaycan müsəlman ölkəsidir və burada yanaşmalar fərqlidir. Lakin reallıq başqadır. Əsas problem də budur”, - A.Qeybulla bildirib.
Ekspertin fikrincə, cinsi yolla keçən xəstəliklərin yayılmasının qarşısını almaq üçün əsas istiqamətlərdən biri gənclərin düzgün maarifləndirilməsi, vaxtında tibbi müayinələrin aparılması və infeksiyaların erkən aşkarlanaraq müalicə edilməsidir.
Günəş Mərd
Bakı 



