Azərbaycanın son illərdə mötəbər qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun, təcrübəsinin və güclü institusional imkanlarının bariz göstəricisidir. Bakı artıq qlobal əhəmiyyətli qərarların qəbul edildiyi, bəşəriyyəti narahat edən çağırışların müzakirə olunduğu strateji bir platformaya çevrilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla təşkil edilməsi ölkəmizin yaşıl enerji keçidi və qlobal iqlim böhranı ilə mübarizədəki liderliyini təsdiqlədi. Bu tarixi müvəffəqiyyətin ardınca, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi nəhəng bir tədbirin də Azərbaycana etibar edilməsi ölkəmizə olan beynəlxalq etimadın növbəti zirvəsidir.
Azərbaycan COP və WUF platformaları arasında unikal bir bağlantı yaratdı. İqlim dəyişikliyi ilə mübarizə birbaşa olaraq gələcəyin dayanıqlı, ağıllı və yaşıl şəhərlərinin salınması ideyası ilə kəsişir. Ölkəmiz qlobal birliyə şəhərsalma və iqlim fəaliyyətinin real sintezini öz təcrübəsində nümayiş etdirir.
WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə həm geosiyasi, həm də sosial-iqtisadi baxımdan böyük üstünlüklər qazandırır. Bu miqyasda tədbirlər Azərbaycana investisiya axınını sürətləndirir, turizm potesialını stimullaşdırır, yerli kadrların beynəlxalq idarəetmə təcrübəsini zənginləşdirir və ölkənin yumşaq gücünü qlobal miqyasda gücləndirir.
Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilib. Onun sözlərinə görə, ölkəmiz bütün qlobal tədbirlərə uğurla ev sahibliyi edir:
“Azərbaycan imkanlarını səfərbər edərək bir çox idman yarışlarına da ev sahibliyi edib. Avroviziya musiqi və idman yarışları ilə bərabər ölkəmiz bir çox qlobal tədbirlərə layiqli ev sahibliyi edir. Bu sahədə böyük bir təcrübə əldə etmişik. Azərbaycan bu sahədə unikal bir nümunəyə sahibdir”.
Ölkəmizin COP29 tədbirini çox uğurla həyata keçirdiyini xatırladan müsahibimiz qeyd edib ki, Azərbaycan budəfəki Forumu da çox yüksək səviyyədə təşkil edir:
”Qonaqlar da yüksək fikirlərini dilə gətirirlər. Bu qədər çoxsaylı qonağın ölkəmizə gəlməsi və Azərbaycan haqqında söylədikləri fikirlər çox önəmlidir. Prezidentin də vurğuladığı kimi ən önəmli məsələlərdən biri odur ki, bu Forumda rekord göstərici əldə edilib”.
Aydın Baxış
Bakı 




