COP29 qlobal siyasət və iqlim müzakirələri kontekstində mühüm əhəmiyyət daşıyan bir tədbirdir.
Bu kimi konfranslar yalnız iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirməklə kifayətlənmir, eyni zamanda ölkələrin siyasətləri, iqtisadi strategiyaları və ictimai təsəvvürləri üzərində də geniş təsir göstərir. Ölkə və dünya mediası isə COP29-un gündəmindəki məsələləri işıqlandıraraq iqlim böhranının dərinliyini və həll yollarını geniş auditoriyalara çatdırmaqda mühüm rol oynayır.
Bəs COP29 qlobal siyasət fonunda ölkə və dünya mediasına necə təsir göstərir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakı Dövlət Universitetinin müəllimi Qoşqar Bəylərov bildirib ki, ümumiyyətlə, qlobal siyasətin mediaya təsiri inkaredilməz və hərtərəfli bir faktdır:
"Beynəlxalq münasibətlər və geosiyasi hadisələr mediaya həm məzmun, həm də təqdimat baxımından təsir göstərir. Dövlətlərin və qlobal güclərin siyasi maraqları tez-tez mediada yayımlanan xəbərlərin seçimində, onların nə qədər vurğulandığında və ya hansı istiqamətdə işıqlandırıldığında əksini tapır. Bu, mediada balansın itməsi, obyektivliyin azalması və müəyyən məsələlərin manipulyasiya edilməsinə gətirib çıxara bilər".
Müsahibimizin sözlərinə görə, güclü ölkələrin beynəlxalq arenada öz mövqelərini möhkəmləndirmək üçün mediadan təbliğat vasitəsi kimi istifadə etməsi də geniş yayılmış bir fenomendir:
"Media öz fəaliyyətini tənzimləməli və iqtisadi maraqların təzyiqinə tab gətirməli olur. Bu, medianın xəbərləri təqdimetmə tərzində və prioritetləşdirmə siyasətində fərqli yanaşmaların ortaya çıxmasına səbəb ola bilər. Dezinformasiya kampaniyaları və yalan məlumat yayılması da qlobal siyasətin mediaya təsirinin bir hissəsidir və bu da xüsusilə internet və sosial media vasitəsilə genişlənir. Bu səbəbdən, düşünürəm ki, mediada obyektivliyi qorumaq və məlumatın doğru təhlilini təqdim etmək lazımdır".
COP29-la bağlı sualımıza aydınlıq gətirən mütəxəssisin fikrincə, bu mötəbər tədbir qlobal siyasətin və beynəlxalq ekoloji müzakirələrin mərkəzində yer alaraq həm ölkə, həm də dünya mediasına əhəmiyyətli təsir göstərir:
"Sözügedən konfrans iqlim dəyişikliyi ilə bağlı qlobal fəaliyyətin təşviq edilməsi və müxtəlif ölkələrin öhdəliklərinin müəyyənləşdirilməsi üçün mühümdir. Mediada bu kimi tədbirlərin işıqlandırılması, əsasən, ölkələrin mövqeləri, liderlərin çıxışları və qəbul edilən qərarlarla bağlı məlumatların təqdimatı vacibdir. Düşünürəm ki, COP29 kimi tədbirlər dünya mediasının diqqətini çəkir və çox vaxt qlobal siyasətin necə yönləndiyinə dair dərin analizlərə səbəb olur. Bu tədbirlərdə böyük dövlətlərin mövqeləri və onların iqlim dəyişikliyi ilə bağlı götürdükləri öhdəliklər əsas xəbərlərin mövzusu olmalıdır".
Qoşqar Bəylərov: Media mütəxəssisləri, jurnalistlər obyektiv və balanslı yanaşma sərgiləməlidirlər
Müsahibimiz bəzi ölkələr üçün COP29 kimi platformaların ekoloji problemlərə real həllər tapmaqdan daha çox, öz siyasi təsir güclərini nümayiş etdirmək və ya diplomatik mövqelərini gücləndirmək üçün bir vasitə olduğunu vurğulayıb. Dediyinə görə, onlar bu tədbirlərdə öz öhdəliklərini göstərmək və beynəlxalq imiclərini yaxşılaşdırmaq üçün simvolik və ya qeyri-real vədlər verə bilərlər:
"Bəzi dövlətlər və maraq qrupları bu cür tədbirlərin əhəmiyyətini azaltmaq və ya onların nəticələrini gözdən salmaq üçün tənqidi çıxışlar edir, tədbirin nəticələrini manipulyasiya etməyə çalışırlar. Media müstəvisində də bu siyasi oyunlar öz əksini tapır. Bəzi media qurumlarının bu tədbirləri obyektiv təqdim etmək əvəzinə, müəyyən siyasi mövqeləri gücləndirmək üçün seçici şəkildə məlumat verməsi və ya diqqəti əsas məsələlərdən yayındırması halları müşahidə olunur. Bu da ictimaiyyətin iqlim dəyişikliyi məsələlərinə olan inamını zəiflədə və geniş miqyasda dəyişikliklər üçün zəruri olan kollektiv hərəkəti əngəlləyə bilər".
Son olaraq Q.Bəylərov bu cür addımların konkret tədbirin nüfuzuna yox, ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədəki irəliləyişə də mane ola biləcəyini deyib:
"Buna görə media mütəxəssisləri, jurnalistlər və ictimaiyyətin aktiv iştirakçıları bu cür manipulyasiyaları müəyyən edib ictimaiyyəti məlumatlandırmaq üçün obyektiv və balanslı yanaşma sərgiləməlidirlər. Bu cür tədbirlərin mediada əks olunması həm də jurnalistlərin və analitiklərin qlobal problemlərə nə dərəcədə obyektiv və dərin yanaşma göstərdiyini öyrənmək üçün bir imkandır. COP29-un nəticələri və qəbul edilən qərarlar, mediada çıxışların necə təqdim edildiyini və məlumatların necə şərh edildiyini müəyyən edir. Beynəlxalq media bu qərarları geniş auditoriyaya çatdırmaqla yanaşı, bu qərarların müxtəlif ölkələr üçün nə dərəcədə real və icra olunabilən olduğunu da müzakirə edir".
Əli Hüseynov