Son illərdə qlobal miqyasda sürətlə yayılan dayanıqlı moda trendləri və ikinci əl paltar dükanlarına artan maraq, insanların alış-veriş vərdişlərində ciddi dönüş yaratdığını göstərir.
İstehlakçılar getdikcə daha çox ekoloji məsuliyyətə, resursların qorunmasına və iqtisadi səmərəliliyə üstünlük verirlər.
Bu dəyişikliklər uzunmüddətli perspektivdə moda sənayesində ənənəvi istehsal və istehlak modelinin yenidən qurulmasına səbəb ola bilər.
Bu tendensiyanın genişlənməsi moda sənayesində istehsal və istehlak modelini uzunmüddətli perspektivdə necə yenidən formalaşdıra bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən modelyer Şəlalə Maqsudova bildirib ki, qeyd edilən tendensiya artıq qlobal moda sənayesinin istehsal və istehlak modelini uzunmüddətli perspektivdə dəyişdirə biləcək əsas transformasiya kimi qiymətləndirilir:
"İnsanlar əvvəlki illərlə müqayisədə kəmiyyətə deyil, daha çox keyfiyyətə və davamlılığa üstünlük verməyə başlayırlar. Nəticədə daha az, amma daha davamlı, uzunömürlü paltar almağa maraq yüksəlir".

Şəlalə Maqsudova: İstehlakçı davranışlarında müşahidə olunan bu dəyişiklik modelləri də formalaşdırır
Onun sözlərinə görə, bu istiqamətdə ikinci əl və vintage mağazaların populyarlaşması “sürətli moda”nın (fast fashion) satışlarına ciddi təsir göstərə bilər.
"İstehlakçı davranışlarında müşahidə olunan bu dəyişiklik modelləri də formalaşdırır. İnsanlar artıq aldıqları məhsulları daha uzun müddət istifadə etməyə, onların təmirinə və yenidən dəyərləndirilməsinə maraq göstərirlər. Bununla yanaşı, ikinci əl bazarı, paltar kirayəsi və paltar mübadiləsi kimi alternativ istehlak formaları genişlənir",- həmsöhbətimiz qeyd edib.
Sonda Şəlalə Maqsudova deyib ki, bu yanaşma moda sənayesində məhsulun yalnız bir dəfə istifadə üçün deyil, dövri şəkildə paylaşılması, satılması və ya təkrar emal edilməsi prinsipinə keçidi sürətləndirir:
"Yeni dövrdə moda artıq daha davamlı, sosial və ekoloji baxımdan məsuliyyətli bir istiqamətə doğru irəliləyir".
Əli Hüseynov
Bakı 




