Rəsmi Moskva İrəvanın Ermənistan dəmir yollarının nəzarətinin Rusiyadan başqa ölkəyə verilməsi ilə bağlı açıqlamalarını qəribə və qəbuledilməz adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə bildirib. O, Rusiyanın bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaların açılmasının tərəfdarı olduğunu qeyd edib.
Zaxarova vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup bu istiqamətdə çox iş görüb:
“Ermənistan dəmir yolu 20 ildən çoxdur Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir, nəinki güzəşt müqaviləsinin şərtlərini ardıcıl yerinə yetirib, həm də infrastruktura böyük sərmayələr yatırıb və çox sayda iş yeri yaradıb. Yəqin ki, bunu İrəvanda unudublar”.
XİN rəsmisi əlavə edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etməyən bir strukturdur. Zaxarova Ermənistandan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpası ilə bağlı Rusiyanın mövqeyinin Baş nazirin müavini Aleksey Overçuk tərəfindən bəyan edildiyini xatırladıb.
Deputat Rasim Musabəyov Bakivaxtı.az-a deyib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bir çox hallarda bilmədiyi məsələlərlə bağlı danışır, ortalığa ideoloji mövqe qoyur. Onun sözlərinə görə, halbuki, ortada konkret problem var və o problemlə cavab tapılmalıdır:
“Söhbət ondan gedir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə yollarının təxminən 3-5 km.-lik hissəsi dağıdılıb. İndi əsas məsələ həmin hissənin bərpa edilməsidir. Ancaq məsələ bununla da bitmir. Ermənistan öz ərazisində dəmiryollarını genişləndirməkdə maraqlıdır. Amma daha çox istədiyi odur ki, Ermənistan tranzit ölkə olsun. Öz ərazisindən Gürcüstan limanlarına, Türkiyəyə çıxışın olmasında maraqlıdır”.

Rasim Musabəyov: Rusiyanın Ermənistana dərs verməsi, onlara minnət qoyması mənasızdır
Müsahibimizə görə, hələlik problem ondadır ki, Rusiyanın idarə etdiyi dəmiryolları sanksiya altındadır. Sanksiya altında olan şirkətlərin beynəlxalq daşımalarda iştirakı mümkünsüzdür:
“Digər məsələ odur ki, Rusiyanın sanksiya altında olan dəmiryolları maliyyə cəhətdən iflic vəziyyətdədir. Bu da imkan vermir ki, Ermənistan ərazisindəki ruslara məxsus dəmiryolları modernləşdirilsin. Rusiya bunu etmək gücündə deyil. Belə vəziyyətdə Ermənistana dərs vermək, onlara minnət qoymaq mənasızdır”.
Aydın Baxış
Bakı 




