Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə dəniz nəqliyyatının rəqəmsallaşdırılmasını müzakirə edib.
Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Elmin Məmmədov BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüşündə aparılıb.
Görüş zamanı Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının ("Maritime Labour Convention", MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.
Tərəflər Konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bakı 





