• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputat nazirliyə müraciət etdi: Amid balamızın bu arzusunu reallaşdıraq

CƏMİYYƏT

01 Iyul 2022 | 16:45

Deputat nazirliyə müraciət etdi: Amid balamızın bu arzusunu reallaşdıraq

Astara rayonunun Unuz kəndindən olan 11 yaşlı Amid Eyvazov məktəbə gedə bilmir.

Amid bildirib ki, onun məktəbə gedə bilməməsinə səbəb dağlıq ərazidə yerləşın Unuz kəndində yaşamasıdır. Amidin böyük qardaşı, Vətən müharibəsi iştirakçısı Ağadadaş Eyvazov “cənub.az”a deyib ki, Unuz kəndində məktəb, işıq, yol yoxdur.

“Unuzda 4 ailə yaşayır. Bu ailələrdə 10 uşaq var. Onlar məktəb görməyiblər. Mənim 21 yaşım var, məktəb üzü görməmişəm. 4 qardaşım və 2 bacım da məktəbə getmirlər. Ailədə ən kiçiyin 7 yaşı var. Unuz dağlar arasında yerləşir. Atla 7-8 saata, piyada getməklə ora bir günə çatmaq olur. Yol yoxdur, cığır var”.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab verən Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev bildirib ki, Astarada “Unuz” adlı kənd yoxdur:

“Sovet vaxtından da əvvəl “Unuz” adlı balaca yaşayış məntəqəsi olub. İnsanlar ordan deport edilib. Biz xatırlamırıq, nənələrimiz, babalarımız bu barədə bizə danışıb. Lakin hazırda Astarada Unuz adlı rəsmi kənd yoxdur. Uzaqbaşı yayda 2-3 ailə o ərazidən yaylaq kimi istifadə edə bilər. Lakin yenə qeyd edirəm, Astarada elə bir ərazi vahidi mövcud deyil”.

77 saylı Astra seçki dairəsinin deputatı Rəşad Mahmudov Bakıvaxtı.az-a bildirib ki, Unuz kəndi Hirkan Milli Parkının ərazisində yerləşən inzibati ərazi vahidi kimi qeydiyyatda olmayan bir yerdir:

“Aldığım məlumata görə, bu yaşayış məntəqəsində sadəcə, 3 ev var və bu yer İran sərhədində yerləşir. Bu əraziyə sadəcə sərhədçilərin istifadə edə biləcəyi yolla getmək mümkündür. Unuzda  yaşayan uşaqların ən yaxın - Zəngüləş kənd tam orta məktəbinə getməsi üçün 7-8 kilometr yol qət etməsi lazımdır. Zəngüləş məktəbinə gediş də at vasitəsilə mümkündür. Sözügedən Eyvazovlar ailəsi isə o əraziyə sonradan köçüb. Onlar ailədə 12 uşaqdırlar”.

Millət vəkili bildirib ki, təbii olaraq, 3 evə görə həmin ərazidə məktəb tikilməsi texniki baxımdan, nəninki Azərbaycanda, dünyanın heç bir ölkəsində mümkün deyil:

“Hər kəsə məlumdur ki, Astaranın dağ əraziləri də daxil olmaqla, 30-a yaxın kəndinə yol çəkilib və şərait qurulub. Əlbəttə ki, Amid balamızın problemi sadəcə onun ailəsinin deyil, cəmiyyət olaraq hamımızın problemidir. Millət vəkili olaraq, son 3-4 gündür ki, məsələ ilə bağlı ciddi araşdırma aparıram. Astara-Lənkəran Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfovla əlaqə saxladıq. O bu həftə sonu mütləq Amid Eyvazovu ziyarət edəcək”.

R. Mahmudovun sözlərinə görə, Amidin timsalında bütün belə problem olan uşaqlar üçün lazımi addımlar atılacaq:

“Astara Rayon İcra Hakimiyyətinin başçısı da məsələ ilə maraqlanır. Belə planlaşdırılır ki, Amid və Unuz kənd ərazisindəki digər uşaqlar Zəngüləşə gətirilsin, həftə içi orda tam şərait yaradılaraq qalsınlar və həftə sonu evlərinə getsinlər. Amidin həkim olmaq arzusunu da nəzərə alaraq, hesab edirəm ki, Təhsil Nazirliyi bu balamızın ölkədəki biologiya-kimya təmayüllü məktəblərdən birinə transferini reallaşdıracaq. Əminəm ki, Amid də daxil olmaqla, onun kimi digər bütün balalarımızın da problemləri qısa zamanda öz həllini tapacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Təhsil eksperti Kamran Əsədov isə Bakıvaxtı.az-a Eyvazovlar ailəsinin böyük oğlu 21 yaşına qədər məktəbə getməyən Ağadadaş haqqında bildirib ki, “Təhsil haqqında" qanuna uyğun olaraq, 2014-cü ildə uzun müddət təhsildən kənar qalmış uşaqların yenidən təhsilə cəlb olunması ilə bağlı müəyyən qaydalar hazırlanıb:

“Onlardan biri fərdi təhsilin təşkili haqqında qaydadır. Belə təhsil 2015-ci ildən tətbiq olunmağa başlayıb və bu tədris ilində də davam etdirilir. Şərtlərə gəlincə, fərdi və ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar, ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar, ibtidai təhsil səviyyəsinin IV, ümumi orta təhsil səviyyəsinin IX sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar cəlb olunurlar. Eləcə də xüsusi istedadı ilə fərqlənən şagirdlər də bu təhsil formasından yararlana bilərlər”.

Ekspert qeyd edib ki, fərdi təhsil almaq istəyən şəxslər yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil alması göstərilməklə müraciət etməlidirlər:

“Əlavə olaraq qeyd edək ki, fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər. Xüsusi istedadlı təhsilalanlara gəldikdə isə fərdi təhsil texniki, təbiət və humanitar fənlər üzrə xüsusi bilik və bacarıq nümayiş etdirən, çevik təfəkkürü, müstəqil öyrənmək və qeyri-standart düşünmək qabiliyyəti, dünyagörüşünün genişliyi ilə fərqlənən şagirdlər üçün həmin fənn (fənlər) üzrə təşkil edilir. Amma qanunvericiliyin tələblərinin yerinə yetirilməsində ciddi problemlər var. Ölkədə kifayət qədər uşaq var ki, təhsildən kənarda qalıb. Hətta onların sayı minlərlədir”.

Nuranə Daxilqızı

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026