Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib ölkənin rəhbəri kimi qatılması zamanı yaradılan informasiya səs-küyü məqsədli idi.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Parlament üzvü qeyd edib ki, Azərbaycan ərazisini işğaldan azad edən və suverenliyini bərpa edən bir ölkənin insan haqları məsələləri ilə sorğulanması siyasi ikili standartdır. O vurğulayıb ki, Suriyada fəaliyyət göstərən kürd hərəkatının lideri Məzlum Abdi ilə görüşən bir çox dövlət başçılarına oxşar suallar verilməyib, lakin Birinci xanım Mehriban Əliyevaya fərqli suallar verilib.
Zahid Oruc əlavə edib ki, qlobal media qurumları və QHT şəbəkələri indi geopolitikanın bir vasitəsi kimi istifadə olunur. Onun sözlərinə görə, “Azadlıq” və “Amerikanın səsi” radioları ABŞ Konqresi tərəfindən, BBC Britaniya hökuməti tərəfindən maliyyələşdirilir, "Reuters" isə maliyyələşməni açıq göstərmir.
Deputat həmçinin vurğulayıb ki, Emin və Mehman Hüseynov tərəfindən yayılan informasiya kampaniyaları Azərbaycan qadınlarının və dövlətinin mənəvi gücü qarşısında heç bir təsir göstərməyib.
Əli Hüseynov
Bakı 




