Buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.
Yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə https://dim.gov.az/.../xaricidil_2027_11_illik_1769509190... linkində tanış ola bilərsiniz.
Qeyd edilib ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib. Pilot imtahanın nəticələri təhlil olunub və əldə edilən məlumatlar yeni modelin etibarlılığının və tətbiq mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Seminarda yazı tapşırığı üzrə tətbiq olunacaq qiymətləndirmə modeli ilə bağlı mütəxəssislər geniş müzakirə aparıb və iştirakçıların sualları cavablandırılıb. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər xarici dillərin tədrisində kommunikativ yanaşmanın güclənməsinə, şagirdlərin real dil bacarıqlarının istifadəsinə hazırlanmasına və qiymətləndirmənin beynəlxalq dil standartlarına daha yaxın olmasına xidmət edir. Yeni model müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq.
Bakı 




