• Bakı 27° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

DİQQƏT! Bu ölkələrdən Azərbaycana miqrant axını riski artır 

SİYASƏT

04 Sentyabr 2026 | 10:44

DİQQƏT! Bu ölkələrdən Azərbaycana miqrant axını riski artır

Hərbi münaqişələr, iqtisadi böhranlar və iqlim dəyişiklikləri fonunda dünyada miqrasiya problemi qlobal təhlükəsizliyi sınağa çəkən ən ciddi problemlərdən birinə çevrilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatlarına əsasən, dünyada məcburi köçkün düşmüş insanların sayı tarixi rekor hədlərdə qalmaqdadır. Dünyada 117 milyon nəfərdən çox insan müharibələr, təqiblər, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən öz evlərini tərk etməyə məcbur olub.

Müharibə və ya təqib səbəbindən sərhədləri keçən qaçqınların sayı 41,6 milyon nəfərə çatıb. Sığınacaq müraciətlərinin cavabını gözləyən şəxslərin sayı isə 9 milyon nəfərdən çoxdur. Qlobal miqrasiya axınının böyük hissəsini - təxminən 68,7 milyon nəfəri öz ölkəsinin sərhədləri daxilində başqa yerlərə köçmək məcburiyyətində qalan insanlar təşkil edir. Qaçqınların təxminən 68 faizi az və orta gəlirli ölkələrdə sığınacaq tapıb.

Ən çox qaçqın qəbul edən ölkələr sırasında Türkiyə, İran, Kolumbiya və Almaniya birinci sıralardadır. Yaxın Şərq də son onilliklər ərzində qlobal miqrasiya böhranının əsas mərkəzlərindən biri olaraq qalır. Yaxın Şərqdə və ya qonşu regionlarda gərginliyin kəskin artması Azərbaycan sərhədlərinə birbaşa miqrant və qaçqın axını riski yarada bilər. Bölgədəki istənilən irimiqyaslı humanitar böhran qonşu ölkə kimi Azərbaycana da təsir göstərmək potensialına malikdir.

Siyasi şərhçi Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, qonşu regionlarda davam edən müharibələr və gərginliklər istər-istəməz öz izini buraxır. 

Analitik qeyd edib ki, Rusiya-Ukrayna, ABŞ-İran müharibələri öz fəsadlarını artıq göstərməkdədir: 

“Ukraynadan Azərbaycana xeyli insan gəlib, o cümlədən Rusiyadan gələnlər, məhdud sayda da olsa, İrandan ölkəmizə sığınanlar da var. Lakin hər iki müharibə şiddətlənərsə, daha ağır fazaya keçərsə, o zaman əlbəttə miqrant axını mümkündür. Xüsusən, cənub qonşumuz İran ətrafında da proseslər arzuolunmaz istiqamətdə davam edir. Vaşinqtonun tətbiq etdiyi sanksiyalar və hava hücumları İranı ağır iqtisadi tənəzzülə və qeyri-sabitliyə sürükləyir. Sosial vəziyyət getdikcə daha da ağırlaşır. Müharibənin isə nə vaxt başa çatacağı bilinmir. Ona görə də İrandan miqrant və qaçqın axını təhlükəsi qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan quru sərhədlərini qapadıb. Ancaq İrandan, yaxud Rusiya və Ukraynadan qaçqın axını baş verərsə, quru sərhədlərinin bağlı qalması effekt verməyəcək”.

Ə.Oruclu vurğulayıb ki, İranda 50 milyona yaxın soydaşımız yaşayır və onların ilk növbədə üz tutacaqları məkan Azərbaycan və Türkiyə olacaq: 

“Bunu əngəlləmək humanizm baxımından qəbuledilməz olacaq. Ona görə Azərbaycan bütün inkişaf ssenarilərinə hazırlıq görməlidir ki, gələcəkdə humanitar böhranla üzləşməsin. Ancaq düşünürəm ki, Azərbaycan kütləvi qaçqın qəbuluna hazır deyil. Arzu edək ki, həm Rusiya-Ukrayna, həm də İran-ABŞ müharibələri diplomatik yolla tezliklə həllini tapsın və coğrafiyası genişlənməsin”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026