• Bakı 32° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Dosta sevinc, düşmənə GÖZ DAĞI!: Azərbaycan – Özbəkistan əməkdaşlığı YENİ ZİRVƏDƏ 

    SİYASƏT

    24 Avqust 2026 | 10:40

    Dosta sevinc, düşmənə GÖZ DAĞI!: Azərbaycan – Özbəkistan əməkdaşlığı YENİ ZİRVƏDƏ

    “Azərbaycan-Özbəkistan münasibətləri sürətlə inkişaf edir. Son 5 il ərzində prezidentlərin qaşılıqlı səfərləri intensivləşib”. 

    Politoloq İlqar Vəlizadə bunu Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin əhəmiyyətini Bakıvaxtı.az-a şərh edərkən bildirib.

    O qeyd edib ki, ikitərəfli münasibətlər Azərbaycanla türkdilli ölkələr arasında intensivləşən dialoq fonunda baş verir: 

    “Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə də münasibətlərimiz institusional səviyyədə formalaşıb. Azərbaycan Mərkəzi Asiya formatının tərkib hissəsinə çevrilib. Bu amillər  Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına böyük təkan verir. Azərbaycan-Özbəkistan münasibətlərinin özəyini xalqların bir-biri ilə tarixi bağlılığı təşkil edir. Ənənə, din, dil baxımından özbəklər qıpçaq xəttinin nümayəndələridir, bütün hallarda özbək nümayəndələri, qardaşlarımız öz dillərində danışanda biz onları anlayırıq, başa düşürük. Bu da ondan xəbər verir ki, Azərbaycan və özbək dillərinin bir-birinə bağlılığı çox böyükdür. Burada da yenə xalqların, mədəniyyətlərin bağlılığından söhbət gedir. Ona görə də bizim münasibətlərimizin özəyində bir-birimizlə olan tarixi köklər dayanır. Türkdilli ölkələrin bir-biri ilə yaxınlaşması, Türk Dövlətləri Təşkilatının (TDT) daha da möhkəmlənməsinə, əbədi dostluğa təkan verir”. 

    Səfər çərçivəsində tərəflər arasında əbədi dostluq barədə imzalanan sazişə diqqət çəkən politoloq qeyd edib ki, bu sənəd Azərbacan-Özbəkistan arasındakı münasibətlərin hüquqi müstəvidəki özəyini təşkil edəcək:

    “Burada çoxlu rəmzlər, mənalar var, çünki 2024-cü ilin avqustunda Azərbaycan və Özbəkistan  strateji müttəfiqliklə bağlı saziş imzalayıblar. 2026-cı ilin avqust ayında da əbədi dostluq sazişi imzalanır. Bu, dünya dilomatiya təcrübəsində misilsiz bir addımdır. Əbədi dostluq prinsipi artıq sənədləşdirilir və beynəlxalq sənəd kimi təqdim olunur”. 

    İ. Vəlizadə hesab edir ki, Özbəkistan Mərkəzi Asiya regionu üçün, Azərbaycan isə Cənubi Qafqaz regionu üçün vacib ölkələrdir: 

    “Həm iqisadi potensial, həm əhali baxımından bu ölkələrin öz regionlarında çəkiləri fövqəl xarakterlidir. Özbəkistanın əhalisi təxminən 39 milyona yaxındır. Bu da Mərkəzi Asiya regionunda yaşayan əhalinin yarısından çoxunu təşkil edir. Azərbaycan isə Cənubi Qafqazda əhalisi və ərazisi böyük olan ölkədir. Bu, iqtisadi, hərbi və siyasi çəkimizdən əlavə, bizə lider ölkəyə çevrilmək imkanı yaradır. Bu iki ölkənin bir-biri ilə münasibətləri Mərkəzi Asiya ilə Cənubi Qafqazı yaxınlaşdırır və digər regionlardakı ölkələr üçün çox vacib mesajdır. Dostlar bu mesajı müsbət qarşılayırlar, çünki onlar üçün bizm yaxınlaşmağımız böyük imkanlar, üfüqlər açır. Düşmənlər isə narahatdırlar. Onlar düşünürlər ki, bizim dostluğumuz onların maraqlarına qarşı çıxa bilər. Əslində bu, belə deyil, çünki bizim dostluğumuz, qardaşlığımız kiminsə əleyhinə yönəlməyib. Sadəcə olaraq, biz öz qüdrətimizi artırırıq, möhkəmləndiririk. Kimsə bizim dosluğumuzu sınamaq istəyərsə, bu, onun öz problemidir və çox ciddi problemlərlə üzləşə bilər. Bizimlə dostluq və əməkdaşlıq edən ölkələr var. Bu ölkələrin sayı ilbəil artır. Bu mənada düşmənin nə düşünməsi bizi narahat etmir. Nəticə etibarilə öz ölkələrimizin potensialını möhləmləndirmiş oluruq. Yol-nəqliyyat kommunikasiyalarının birləşməsi, Mərkəzi Asiya və Cənubi Qafqazdakı dost-qardaş ölkələr üçün geniş imkanlar yaradır. Beləliklə Daşkənd-Bakı qardaşlğı Mərkəzi Asiya və Cənubi Qafaz regionları, eləcə də Avrasiyanın Mərkəzində yerləşən bütün regionlar üçün böyük imkanlar açır”. 

    Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

    Aydın Baxış


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Avqust 2026