Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən növbəti "Açıq qapı" günü bu dəfə "Lənkəran" sərhəd dəstəsində təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları sərhədçilər üçün yaradılmış xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olublar.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sərhəd mühafizəsi sistemi müasir tələblərə uyğun şəkildə davamlı olaraq təkmilləşdirilir. Qeyd olunub ki, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, peşəkarlığının artırılması, eləcə də mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbir çərçivəsində çıxış edən valideynlər övladlarının xidmətindən razılıqlarını ifadə edərək, hərbi qulluqçular üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçular, həmçinin övladlarının vətənpərvərlik ruhunda yetişdirilməsində nümunəvi mövqe nümayiş etdirən valideynlər fəxri fərmanlarla təltif olunublar. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
Qonaqlar əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, idman zalı və digər inzibati binalara baş çəkərək sərhədçilərin gündəlik xidmət şəraiti və məişət imkanları ilə əyani tanış olublar.
Tədbirin sonunda valideynlər və hərbi qulluqçuların iştirakı ilə birgə nahar təşkil edilib, səmimi söhbətlər aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, DSX-də mütəmadi keçirilən "Açıq qapı" günləri cəmiyyətlə sərhədçilər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ailələrin övladlarının xidmət şəraitini yaxından görməsinə və vətənpərvərlik dəyərlərinin təbliğinə xidmət edir.
Bakı 



