Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az XİN-ə istinadla xəbər verir ki, görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Polşa Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı düşünür.
Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a təəssüflə bildirib ki, Qərb dairələri Ermənistana havadarlıq etməyə davam edirlər.
Onun sözlərinə görə, xüsusən Qərbin Ukraynada uğradığı rüsvayçılığı başqa yerlərdə müəyyən fəaliyyət göstərərək ört-basdır etmək istəyirlər:
"Sanki Avropa dəyərlərini daha böyük arealda yaymaq onların borcudur. Halbuki, hazırda "Avropa dəyərləri"nin Ukraynanı hansı vəziyyətə saldığı hamıya bəllidir. Qərb açıq-aşkar Ukraynanı qurban verdi. Elə bir imic yaradırlar ki, guya Azərbaycan Ermənistana təhdid yaradır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal edən, bir milyon insanımızın qaçqın və məcbur köçkün həyatı yaşamasına səbəb olan ölkənin məhz Ermənistan olması faktını görməzdən gəlir, unudurlar. Ermənilərin işğalçılıq siyasətini görməzdən gələnlər, o cümlədən Polşa hökuməti şərti sərhədlərdə "müşahidə missiyası" yaradıblar. Əslində "müşahidə missiyası" adı ilə bölgəyə yerləşdirilmiş qüvvələr casusluq fəaliyyətini icra edirlər. Hərçənd, heç bir vasitəçi və müdaxilə olmadan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin irəliləməsini və 13 km.lik ərazidə bu işin uğurla yekunlaşdığını gördük. O baxımdan Fransa, Polşa və özünü "qardaş" və ya "bacı" kimi təqdim edən digər ölkələrin Cənubi Qafqazda yeri yoxdur. Onların müdaxilələri, Ermənistana süni dəstək verməsi, silahlandırması nəticə etibarı ilə sülhə kölgə salır".
Həmsöhbətimiz vurğulayıb ki, Polşa hökumətinin və prezident Andjey Dudanın şərti sərhədlərə gələrək mövqelərimizi izləməsi piardan başqa bir şey deyil. Deputat bildirib ki, xüsusən, Ermənistan hökumətinin reallıqları az da olsa dərk etməyə başladığı bir dönəmdə bu cür davranışların heç bir faydası yoxdur. Dediyinə görə, əskinə, Azərbaycan-Ermənistan münasibətlərindəki normallaşmaya və sülh anlaşmasına kölgə salırlar, İrəvanı süni şəkildə cəsarətləndirirlər. Nəticə etibarı ilə Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.
Naqif Həmzəyev: Özünü "qardaş" və ya "bacı" kimi təqdim edən digər ölkələrin Cənubi Qafqazda yeri yoxdur
“İstənilən halda Azərbaycan Xarici İşlər Nazirliyində Polşa təmsilçisinə rəsmi xəbərdarlıq edilməsi zəruri addımdır. Gələcəkdə də bu kimi halların baş verəcəyi təqdirdə Azərbaycan diplomatik kanallarla lazımi tədbirlər görəcək. Əgər Azərbaycana Ermənistanın silahlandırılması genişlənərsə, cidd təhdidə çevrilərsə, buna dərhal cavab vermək iqtidarındayıq", - deyə Naqif Həmzəyev qeyd edib.
Aydın Baxış