DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarının avtomagistrallarda hərəkətinə dair açıqlama yayıb.
İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, açıqlamada deyilir:
"Son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır. Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur.