Son günlər efir məkanında müşahidə olunan xoşagəlməz hallar, televiziya və radio verilişlərində etik çərçivələrin aşılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğuran bu tendensiya fonunda efir məkanına nəzarət mexanizmlərinin gücləndirilməsi, o cümlədən “əxlaq polisi” kimi anlayışın mümkünlüyü barədə suallar səsləndirilir. Xüsusilə ailə dəyərlərinin, ictimai əxlaq normalarının qorunması baxımından bu mövzunun aktual olduğu vurğulanır. Mövzunun hüquqi və institusional tərəfi də diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, “əxlaq polisi”nin yaradılması nə hüquqi baxımdan mümkün görünür, nə də buna real ehtiyac var:
“Azərbaycan dünyəvi və hüquqi dövlətdir və ictimai münasibətlər qanunlarla tənzimlənir, inzibati-mənəvi nəzarət mexanizmləri ilə deyil. Bu gün efir məkanında baş verən xoşagəlməz halların qarşısını almaq üçün kifayət qədər normativ baza mövcuddur. Media fəaliyyəti, yayım prinsipləri, ictimai məsuliyyət və etik çərçivələr qanunvericiliklə müəyyən olunub”.
Müsahibimiz qeyd edib ki, bundan əlavə, bu yaxınlarda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər informasiya mühitində məsuliyyət və təhlükəsizlik məsələlərini daha da dəqiqləşdirib.
Razi Nurullayev: Efirdəki xoşagəlməz halların qarşısını almaq üçün kifayət qədər normativ baza mövcuddur
Deputatln dediyinə görə, problem qanun çatışmazlığı deyil, mövcud qanunların düzgün və ardıcıl tətbiq olunmamasındadır:
“Əgər hansısa efir orqanı etik və ya hüquqi çərçivəni pozursa, bunun üçün tənzimləyici mexanizmlər, inzibati məsuliyyət və məhkəmə prosedurları var. Milli Məclisdə hər hansı bir mövzunun müzakirəsi mümkündür, lakin ayrıca “əxlaq polisi”nin yaradılması ideyası nə hüquqi dövlət prinsiplərinə uyğundur, nə də ifadə azadlığı ilə balans təşkil edir. Cəmiyyətin mənəvi mühiti inzibati nəzarətlə deyil, maarifləndirmə, peşəkar media standartları və ictimai məsuliyyət vasitəsilə formalaşmalıdır”.
Aynur Babazadə
Bakı 




