“Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər yalnız BDU-nun tələbələri üçün deyil, ölkənin ümumtəhsil məktəblərinin şagirdləri və digər ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə geniş ictimaiyyət üçün nəzərdə tutulub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Universitetdə yaradılmış “Eko məkan”nın açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Eko Məkan”da həyata keçiriləcək tədbirlər sayəsində ətraf mühitin qorunması mövzusunda geniş ictimai maarifləndirmə işləri aparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək.
Nəzərə çatdırıb ki, “Eko Məkan” BDU-nun bir sıra beynəlxalq uğurlara imza atmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.
“Bu Mərkəzdə tələbə və müəllimlər üçün təbiətə həsr olunmuş ekoturlar, təbiət yürüşləri və ətraf mühitin müxtəlif ekosistemlərinin öyrənilməsi üzrə tədbirlər də təşkil ediləcək, tələbələrin birbaşa iştirakı ilə ekoloji mövzularda elmi-tədqiqat layihələri və təcrübə proqramları, tələbələr arasında ekoloji layihələr üzrə müsabiqələr təşkil olunacaq, ekoloji məsələlərə dair innovativ həll yolları təqdim ediləcək”,-deyə E.Babayev bildirib.
Mina Mikayılova