Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bakıvaxtı.az xəbər verir ki. bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Elektron siqaretlərin qadağan edilməsi nəylə bağlıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, elektron siqaretlər xaricdə mağazalarda “veyplər” adı ilə satılır:
"Veyplər adi siqaretdən demək olar ki, ciddi şəkildə fərqlənmir. Adi siqaretdə insan orqanizmində asılılıq yaradan əsas maddə nikotindir. Siqaretin zərərli təsiri əsasən onun tərkibində olan, qatranabənzər və xərçəng törədən maddələrlə bağlıdır. Veyplərdə, yəni elektron siqaretlərdə də eyni miqdarda nikotin mövcuddur, əlavə olaraq aromatizatorlardan istifadə olunur. Həmin aromatizatorlar qızdırıldıqda burada da konservogen maddələr əmələ gəlir”.
Müsahibimiz qeyd edib ki, ümumilikdə elektron siqaretlərin insan orqanizminə zərəri baxımından ciddi bir fərq yoxdur. Dediyinə görə, bu deyilənlər digər tütün məmulatlarına - tənbəki və oxşar məhsullara da aiddir:
“Ümumiyyətlə, tütün məhsullarının istifadəsi zamanı ortaya çıxan problemlərin həlli üçün ən əsas yol maarifləndirmə və diskriminasiya tədbirləridir. Maarifləndirmə insanlara təsirli üsullarla bunun zərərli olduğunu başa salmaqdır. Bu məhsulların həqiqətən də xərçəng törətdiyini, insan orqanizminin ömrünü qısaltdığını faktlarla göstərmək lazımdır. Xüsusilə uşaqlara və gənclərə bunun fəsadları izah edilməli, elektron vasitələrdən düzgün şəkildə istifadə olunmalıdır".
Həkim əlavə edib ki, siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır:
"Məsələn, insanların toplaşdığı məkanlarda, şadlıq evlərində, müxtəlif mərasim yerlərində siqaret çəkmək qadağan olunmalıdır. İnsan bilməlidir ki, siqaret çəkərək başqasının orqanizminə zərər verir. Evdə belə, kimsə siqaret çəkib ailə üzvlərini niyə zəhərləməlidir? Bu baxımdan diskriminasiya tədbirləri nə qədər sərt olsa, buna diqqət bir o qədər artacaq”.

Adil Qeybulla: Sərt qadağalardan əvvəl maarifləndirmə və diskriminasiya tədbirlərinin görülməsi daha məqsədəuyğundur:
Həmsöhbətimiz hazırda siqaret çəkənlərin sayınnı günü-gündən artdığını təəssüflə vurğulayaraq, elektron siqaret istifadəçilərini də bura əlavə edir:
“Bəlkə də əlində adi siqaret görünmədiyi üçün və ya başqa səbəblərdən buna maraq çoxalır. Lakin elektron siqaretlərin tam qadağan edilməsi, idxalının dayandırılması onların ölkəyə qeyri-qanuni yollarla gətirilməsinə səbəb ola bilər. Bu isə həm depressiya yarada, həm də qiymətlərin bahalaşmasına gətirib çıxara bilər”.
Adil Qeybulla hesab edir ki, bu baxımdan, sərt qadağalardan əvvəl maarifləndirmə və diskriminasiya tədbirlərinin görülməsi daha məqsədəuyğundur:
“Dünyada da əsasən bu istiqamətdə addımlar atılır və müəyyən effekt verir. Hər halda, bundan daha ağıllı yol tapmaq çətindir".
Aynur Babazadə
Bakı 




