Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Tərəflər 2025-ci il 8 avqust tarixli Vaşinqton görüşünün, sülh sazişi mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıb, işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Həmçinin Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Bişkekdə baş tutan bu görüş olduqca əhəmiyyətlidir.

Professor vurğulayıb ki, Vaşinqton görüşündən əldə edilmiş razılaşamların icra olunması və yekun sülh müqaviləsinin imzalanması yönündə addımların atılması labüddür:
“Tərəflər görüş çərçivəsində Vaşinqton Bəyannaməsinə sadiqliklərini ifadə ediblər. Bu o deməkdir ki, bundan sonra aparılan işlərin hamısı məhz Vaşinqtonda əldə edilmiş razılaşmalar fonunda olacaq. Ermənistan sülhə sadiqliyini sübut etmək üçün yekun sazişin imzalanmasına manə olan bəzi əngəlləri də aradan qaldırmalıdır. Məlum olduğu kimi Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar hələ qalmaqdadır. İrəvan hökuməti yeni konstitusiyanı təqdim etməli, referendum keçirməlidir. Bu addımlar atılmamış Bakı və İrəvan arasında yekun sülh sənədinin imzalanmasından söhbət gedə bilməz. Bu yolda da Ermənistan hökumətinin qərarlı olmasından, iradəsindən çox şey asılıdır. Paşinyan özü də açıq şəkildə bildirib ki, Ermənistanın yeni konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları olmayacaq. Amma yeni konstitusiyanın qəbul edilməsi prosesi bir qədər uzana bilər”.
Q.Çaxmaqlı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsi də çox önəmlidir:
“Bu məqsədlə xüsusi yaradılmış komissiyalar davamlı işləyirlər və artıq sərhəd xəttinin müəyyən hissəsi demarkasiya olunub. Ancaq bu işin davamlı olması zəruridir. Həmçinin, iqtisadi əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var. O cümlədən, ictimaiyyət nümayəndələrinin qarşılıqlı təmasları da iki ölkə arasında sülhün və etimadın möhkəmlənməsinə öz töhfələrini verə bilər”.
Alim TRIPP layihəsinin əhəmiyyətini də diqqətə çatdırıb:
“Zəngəruz dəhlizinin (TRİPP) reallaşdırılması çox vacibdir və təkcə Azərbaycan üçün yox, həm də region ölkələri və digər dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edir. ABŞ-nin bu layihənin içində olması və son aylarda atılan addımlar, görülən işlər dəhlizin yaxın müddətdə reallaşa biləcəyinə ümidləri artırır. Ermənistanın bu məsələdə problemləri var. Çünki mövcud dəmiryolları Rusiyanın nəzarəti altındadır və eyni zamanda köhnə yolların yenilənməsinə ehtiyac var. Dəmiryol nəqliyyatı daşımalarda problemlər yaratmamalı, keçidlər də maneəsiz, təhlükəsiz olmalıdır. Bu məsələdə bir çox ölkənin maraqları var. Ümumiyyətlə, liderlərin budəfəki görüşünün konstruktiv olduğunu hesab edirəm”.
Aydın Baxış




