• Bakı 19° C

    12.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Əliyev-Putin görüşü: Bakı və Moskva münasibətləri normallaşma mərhələsinə qədəm qoydu

SİYASƏT

10 Oktyabr 2025 | 09:06

Əliyev-Putin görüşü: Bakı və Moskva münasibətləri normallaşma mərhələsinə qədəm qoydu

Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü iki ölkə arasında son aylarda müşahidə olunan gərginliyin aradan qalxdığını və münasibətlərin konstruktiv məcraya yönəldiyini təsdiqlədi.

Görüşün məzmunu və Putin tərəfindən verilən mesajlar göstərdi ki, Moskva artıq Bakı ilə əməkdaşlıqda qarşılıqlı etimadın bərpasını prioritet sayır.

Rusiya Prezidenti Vladimir Putinin AZAL təyyarəsinin vurulması hadisəsi ilə bağlı bir daha üzr istəməsi və məsuliyyətin bölüşülməsini etiraf etməsi, prosesin emosional fonunu xeyli yumşaltdı. Prezident İlham Əliyevin hadisənin ilk günlərindən prinsipial mövqedə qalması nəticə etibarilə Rusiyanın Azərbaycanın haqlı tələblərini qəbul etməsinə gətirib çıxardı.

Əldə olunan razılıq çərçivəsində kompensasiyanın ödənilməsi və məsul şəxslərin cəzalandırılması ilə bağlı Moskvanın öhdəlik götürməsi münasibətlərin tam normallaşmasına zəmin yaradır. Bu, həm də göstərir ki, Bakı diplomatik sabitlik və qarşılıqlı hörmət prinsipindən geri çəkilmir.

Görüş, eyni zamanda, Rusiya daxilindəki anti-Azərbaycan dairələrə - Simonyan, Solovyov, Zatulin kimi ermənipərəst fiqurlara - ciddi cavab oldu. Onların iki ölkə arasında münasibətləri zədələmək cəhdləri uğursuz nəticələndi.

Nəticə etibarilə, Əliyev-Putin görüşü göstərdi ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlıq kursuna sadiq qalaraq, qarşılıqlı maraqlara əsaslanan yeni dialoq mərhələsinə qədəm qoyublar.

Bu görüş həm diplomatik, həm də siyasi baxımdan regionda sabitliyə xidmət edən mühüm hadisə kimi tarixə düşəcək.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR