Dünən Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Rusiya prezidenti Vldimir Putin arasında keçirilən görüş Fransa mətbuatında manşetləri bəzəyir.
akıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu məlumat “LeFigaro.fr” saytında “Rusiya 2024-cü ilin sonunda Azərbaycan təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti boynuna alır” başlığı altında paylaşılıb. Xəbərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə söhbətində 2024-cü ilin sonlarında zenit raketlərinin dağıntılarına məruz qalan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşıdığını etiraf edib. Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-də qəzaya uğrayıb.
Bu faciə Rusiya ilə Azərbaycan arasında gərginliyin artmasına səbəb olub. Vladimir Putin bundan əvvəl üzr istəyib, faciə zamanı Rusiya raketlərinin atıldığını etiraf edib, lakin Rusiyanın məsuliyyətini birbaşa etiraf etməyib. Cümə axşamı Rusiya prezidenti izah edib ki, Rusiya hava hücumundan müdafiə vasitələri faciə günü Qroznı səmasında Ukraynaya məxsus pilotsuz təyyarələrin olması ilə əlaqədar fəaliyyət göstərib:
“Atılan iki (Rusiya) raket birbaşa təyyarəyə dəyməyib, bəlkə də özünü məhv etməklə bir neçə metr aralıda, təxminən 10 metr aralıda partlayıb. Ona görə də (təyyarənin) məhvi döyüş elementləri ilə deyil, daha çox raketlərin dağıntıları hesabına baş verib”.
O, İlham Əliyevə təzminat ödəyəcəyini və bu qəzada iştirak edənlərin qərarlarının araşdırılacağını vəd edib.
Qeyd edək ki, Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın qərbində, Xəzər dənizinin şərq sahilində qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Faciədən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskinləşdi. Məlum görüş V.Putinlə İlham Əliyev arasında faciədən sonra ilk görüş olub.
Aydın Baxış