q
  • Bakı 14° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Ən gənc 7, ən yaşlı 72 yaşında - rəqəmsal təlimlərə böyük maraq

CƏMİYYƏT

01 May 2026 | 16:21

Ən gənc 7, ən yaşlı 72 yaşında - rəqəmsal təlimlərə böyük maraq

"Rəqəmsal transformasiya Azərbaycanın iqtisadi və sənaye inkişafına birbaşa təsir göstərir".

Bakıvaxtı.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi deyib.

O bildirib ki, dünya artıq dördüncü sənaye inqilabı dövrünü yaşayır və bu proses iqtisadiyyatın bütün sahələrinə təsir edir:

“Bu anlayış Klaus Schwab tərəfindən formalaşdırılıb və rəqəmsal iqtisadiyyata keçidi sürətləndirib. Texnologiyalar artıq sənaye, kənd təsərrüfatı, tibb və digər sahələrdə geniş tətbiq olunur”.

Ə.Vidadi qeyd edib ki, Azərbaycanda da rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılır və ölkə qlobal texnoloji proseslərə inteqrasiya olunur.

Onun sözlərinə görə, Dördüncü Sənaye İnqilabı Mərkəzi Dünya İqtisadi Forumunun qlobal şəbəkəsinə daxil olan 27 mərkəzdən biridir və Azərbaycan bu şəbəkədə təmsil olunur:

“Biz qlobal texnoloji trendləri izləyir, onların ölkə iqtisadiyyatına uyğunlaşdırılması üzərində işləyirik”.

Şöbə rəhbəri əlavə edib ki, müəssisələrin rəqəmsal transformasiyası üçün pilot layihələr həyata keçirilir və fərdi yol xəritələri hazırlanır:

“Bu il 15 müəssisə üzrə transformasiya qiymətləndirilməsi aparılıb və 400-dən çox texnoloji istifadə nümunəsi tətbiq olunub”.

O həmçinin bildirib ki, rəqəmsal bacarıqların artırılması istiqamətində geniş təlim proqramları həyata keçirilir:

“Son bir ildə 700 mindən çox vətəndaş bu kurslardan yararlanıb, 110 mindən çox sertifikat verilib. Ən gənc istifadəçi 7 yaşında, ən yaşlı isə 72 yaşındadır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR