• Bakı 16° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

“Ərdoğan-Putin görüşündən sonra Ermənistanın hərəkətlərində ciddi dəyişikliklər olacaq”

DÜNYA

05 Avqust 2022 | 12:29

“Ərdoğan-Putin görüşündən sonra Ermənistanın hərəkətlərində ciddi dəyişikliklər olacaq”

"Siyasi dairələrin diqqəti bu gün keçiriləcək Ərdoğan-Putin görüşünə yönəlib. Bu cür mürəkkəb siyasi şəraitdə iki aparıcı dövlət rəhbərinin görüşü, həqiqətən, böyük maraq doğurur”.

Bunu Bakıvaxtı.az-a BDU-nun professoru Əlimusa İbrahimov türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Spçidə kemiriləcək görüçünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu maraq region dövlətləri və orada yaşayan insanların sülh və əmin-amanlığa az da olsa ümidlərinin doğrulacağı ilə bağlıdır: “İnsanlar kiçik də olsa müharibələrdən xilas olmaları haqqında xəbərlər gözləyirlər. Türkiyə  prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirak etdiyi görüşdən ümidverici xəbərlər gözləməyə dəyər. Çünki siyasət karifeyi hesab olunan bu dövlət xadimi sülhsüvər missiya daşıdığını artıq sübut edib və onun bioqrafiyasında çoxlu sayda sülh sazişlərinə nail olmaq barədə misallar var”.

Professora görə, Ərdoğanla Putin arasında müzakirə ediləcək o qədər məsələlər var ki, onları müzakirə masasına çıxarmaq üçün dəfələrlə görüşməyə ehtiyac duyulmaqdadır: “Çünki hələ ötən ay iki dövlət rəhbəri Tehranda İran İslam Respublikasın Prezidentinin də iştirak etdiyi görüş keçirib, müzakirələr aparıblar. Orada da Türkiyə-Rusiya münasibətlərinin ən ümdə məsələləri müzakirə olunub. Amma orada İran rəhbərinin də iştirakını da nəzərə alsaq, müzakirənin əsas mövzusunun Suriya ətrafında baş verən proseslər olması şübhəsizdir. Bugünkü görüşdə də Suriya məsələsinə toxunulacağı istisna deyil. Amma ikinci, üçüncü dərəcəli məsələ kimi”.

Ə.İbrahimov qeyd edib ki, əsas müzakirə olunacaq məsələ isə heç şübhəsiz Rusiya-Ukrayna müharibəsi, Rusiyaya tətbiq edilən sanksiyalar və Azərbaycanla Ermənistan arasında son günlər baş verən hadisələr olacaq: “Ərdoğan Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərində ciddi nəticəyə nail olmaq əzmindədir və düşünürəm ki, istədiyini əldə edəcək. Bu görüşdən sonra Ermənistanın hərəkətlərində ciddi dəyişikliklərin baş verdiyinə şahid olacağıq. Bu görüş üç dövlət arasında kommunikasiya xətlərinin açılması istiqamətində ciddi təkan olacaq”.

Onun sözlərinə görə, Rusiya-Ukrayna məsələsi, taxıl razılaşmasının daha da irəli aparılaraq atəşkəs müqaviləsinə çatdırılması da gündəlikdədir. Türkiyə bu müharibə ilə bağlı heç bir dövlətin əldə edə bilmədiyi uğura əl atıb. Məhz onun gərgin diplomatiyası sayəsində milyonlarla insan aclıqdan qurtarıb: “Amma Türkiyə əldə olunanlarla kifayətlənmək istəmir. Onun məqsədi vasitəçiliyi sülh danışıqlarına qədər aparmaqdır. Digər siyasi və iqtisadi məsələlərin də müzakirə edilməsi mümkündür. Amma bu məsələlər ikinci və üçüncü dərəcəli məsələlər hesab oluna bilər”.

Aytac Aslan


SON XƏBƏRLƏR