• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Ərdoğanın Dolmabağça görüşü: 200 illik milli düşmənçiliyi bitirmək mesajı - ŞƏRH

SİYASƏT

10 Iyun 2026 | 12:31

Ərdoğanın Dolmabağça görüşü: 200 illik milli düşmənçiliyi bitirmək mesajı - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partiya İstanbul millət vəkili Sevan Sıvacıoğlu (Sıvanyan) və Türkiyə Erməni Kilsəsinin Patriarxı Sahak Maşalyanı Dolmabahçə ofisində qəbul etməsi regionda və beynəlxalq müstəvidə böyük rezonans doğurub. Bu rəsmi və rəmzi görüş, xüsusilə Ermənistanda keçirilən mühüm parlament seçkilərinin fonunda Ankara tərəfindən İrəvana, regional güclərə və daxili auditoriyaya ötürülən strateji bir mesaj kimi dəyərləndirilir. Dolmabahçə ofisindən verilən bu tarixi foto Cənubi Qafqazda formalaşan yeni sülh nizamının və diplomatik manevrlərin pərdəarxası məqamlarını yenidən gündəmə gətirib.

Bəs Türkiyə liderinin erməni icmasının dini və siyasi təmsilçiləri ilə bir araya gəlməsi Ermənistandakı seçkilərdən sonrakı mərhələyə necə təsir edəcək? Bu addım regional kommunikasiyaların açılması və xarici havadarların 200 illik düşmənçilik ssenarilərinin boşa çıxarılması istiqamətində hansı yeni fürsətləri vəd edir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməniəsilli millət vəkilini - hansı ki, bu şəxs elə Ərdoğanın rəhbərlik etdiyi hakim AK Partiyanın nümayəndəsidir - və erməni kilsəsinin patriarxını qəbul etməsi, həmçinin bu görüşün tarixi simvollarla zəngin olan Dolmabağça ofisində baş tutması xüsusi rəmzi məna daşıyır. Hazırda Türkiyə tərəfi Nikol Paşinyanın partiyasının Ermənistandakı seçkilərdə yenidən səs çoxluğu qazanmasını və parlamentdə üstünlüyü qorumasını öz xarici siyasəti üçün məqbul hesab edir. Ankara bu addımlarla Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini korlamağa çalışan dairələrə mesaj verir ki, "biz məqsədimizə çatmaqdayıq".

Ekspertin sözlərinə görə, bu siyasətin əsas məqsədi həm Türkiyə daxilində yaşayan ermənilərlə, həm də onların vasitəsilə Ermənistandakı erməni cəmiyyəti ilə münasibətləri normallaşdırmaqdır. Beləliklə, yeni dünya nizamında sülh və tərəfdaşlıq naminə bütün kommunikasiya xələrinin, o cümlədən ticarət yollarının açılmasına nail olmaq hədəflənir. Ən önəmlisi isə xarici havadarların körüklədiyi, erməniləri yanlış ideoloji aspektlərə yönəldərək Türk dünyasına qarşı bir silaha çevirdiyi 200 illik milli düşmənçiliyi bitirmək niyyəti ortadadır. Rəcəb Tayyib Ərdoğan məhz bu problemin aradan qaldırılması üçün yola çıxdıqlarının mesajını verir. Paşinyanın yenidən seçkiləri qazanması onun yenidən baş nazir təyin olunacağını göstərir və bu halda qeyd olunan istiqamətdə işlər davam etdiriləcək:

"Eyni zamanda Ərdoğan həm Türkiyədə, həm də Ermənistanda yaşayan bütün ermənilərə ötürür ki, Türkiyə dövlətində erməni kilsəsi də qorunur, erməni vətəndaşları da dinc yaşayırlar və onların hüquqlarını heç kim məhdudlaşdırmır. Hətta onlar iqtidar partiyasının sıralarında ən yüksək mərtəbələrə, deputat mandatına qədər yüksələ bilirlər və qarşılarında heç bir maneə yoxdur. Burada yeganə meyar ondan ibarətdir ki, kim Türkiyə dövlətinin maraqlarına xidmət edir, onun milli mənafelərini tapdalamır və fərqli dairələrə satmırsa, həmin şəxslər Türkiyə cəmiyyətinin həqiqi bir parçası kimi bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edirlər. Əksinə, kim Türkiyə dövlətinin böyüklüyünü qəbul etmək istəmirsə, rəsmi Ankara öz milli maraqlarını əsas götürərək ona layiq olduğu cavabı verir".

Həşim Səhrablı: Türkiyədə erməni vətəndaşları iqtidar partiyasının sıralarında deputat mandatına qədər yüksələ bilirlər

Müsahibimizin fikrincə, Türkiyə Prezidenti bu addımı atmaqla hesablayır ki, dövlətin ədalətindən istifadə edərək özünə parlaq gələcək qurmuş ermənilərin vasitəçiliyi ilə İrəvanla münasibətlərdə irəliləyişi tamamilə fərqli boyutlara daşımaq olar. Bu isə sülh quruculuğu istiqamətində atılan addımların daha qısa müddətdə daha effektiv nəticələr verməsinə şərait yaradacaq. Eyni zamanda bu vəsilə ilə Ermənistandakı Ağrı dağı iddialarına qarşı da sistemli bir siyasət aparılmış olar. Paşinyan hakimiyyətinin bundan sonra atacağı rasional addımlar sayəsində erməni cəmiyyəti utopik ideyalardan və bu riyakarlıqdan əl çəkərək regionda real sülhə, iqtisadi canlanmaya doğru yönələ bilər ki, bundan həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə qazansın:

"Ümumiyyətlə, 7 iyun seçkilərindən sonra Cənubi Qafqaz üçün yeni bir tarixi fürsət doğub. Ən azından revanşist qüvvələr parlamentdə çoxluq təşkil edə bilmədilər, əksinə, tamamilə azlıqda qaldılar və Paşinyanın partiyası liderliyini qorudu. Düzdür, bu, konstitusion çoxluq deyil və Paşinyan referendum keçirilməsinə, konstitusiya dəyişikliyinə asanlıqla nail olmaya bilər. Bəlkə də onun özü də buna dərhal nail olmaq istəmir, zaman qazanaraq Ermənistan dövlətini gücləndirməklə gizli ərazi iddialarını və şovinist ideyaları davam ettirmək niyyətindədir. İndidən bunu birmənalı demək çətindir. Lakin indiki məqamda Azərbaycan və Türkiyənin xarici siyasəti üçün Paşinyanın qələbəsi revanşistlərin gəlişindən qat-qat məqbul olduğu üçün, Ərdoğan Administrasiyası və Türkiyə dövləti bunu mühüm bir fürsət kimi dəyərləndirməyə çalışır".

H.Səhrablı qeyd edir ki, Ankara 7 iyun seçkilərindən əvvəl Paşinyanla aparılan siyasi məsləhətləşmələri, alınan qərarları və əldə edilən nəticələri ardıcıl və davamlı etmək niyyətindədir. Kilsə patriarxını və AK Parti sıralarından olan erməni deputatı qəbul etmək məhz buna hesablanmış addımlardır. Şübhəsiz ki, indi Ərdoğan Administrasiyasının bəlli bir strateji planı var və onlar bu plan üzrə hərəkət edəcəklər. Həmin planda əsas fokus Paşinyan iqtidarının legitimliyini artırmaq, onunla sülh quruculuğunu inkişaf etdirmək, iqtisadi canlanmanı bərpa etmək, yolların açılmasına və tranzit layihələrin işə düşməsinə nail olmaqdır. Bununla da Cənubi Qafqazda, xüsusən də Ermənistanda Rusiyadan asılılığın tamamilə qırılması və xalqların dinc yanaşı yaşayışı təmin ediləcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026