Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər.
“Daşnaksütyun” partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçartyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir. Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir:
“Buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır. Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib”.
Deputat Hikmət Babaoğlu Bakıvaxtı.az-a deyib ki, erməni cəmiyyəti azca hiss etsə ki, vaxtilə radikallarla oynanmış və vurulmuş bu kartlarla yenidən oynamaq olar, əmin olun, onun arxasınca gedəcəklər.
Deputat bir deyimi xatırladaraq bildirib ki, "iştah yemək yedikcə yaranır". Onun sözlərinə görə, Azərbaycana qarşı etnik nifrət və qisas hissi ilə istənilən qüvvə erməniləri birləşdirə biləcək:
“Bu fiqurun Köçəryan, yaxud başqası olması fərq etmir. Erməniləri birləşdirən milli xarakter, milli psixologiya, mentalitet deyil. Erməniləri yaşadan, onları bir arada tutan başqalarına, xüsusən Azərbaycana qarşı etnik nifrətdir. Mənəvi-psixoloji baxımdan məsələdən qidalanırlar. Onların sosial seqmenti budur”.
Müsahibimizin fikrincə, Azərbaycana və Türkiyəyə qarşı nifrəti kim yenidən erməni cəmiyyətinə gətirəcəksə, cəmiyyət onu göydə tutacaq və arxasınca gedəcək:
“Bir məqamı da qeyd edim. Hətta Azərbaycan-Rusiya münasibətlərinin kifayət qədər yaxşı və yaxın olduğu dönəmlərdə də bir dəfə görmədik ki, Rusiya prezidenti Vladimir Putin Robert Köçəryanın ad gününü təbrik etməsin. Hər il Köçəryanı təbrik etdi. Bu nə deməkdir? Dostluq dövlət başçısı səviyyəsində olur. Mən görməmişəm ki, dövləti təmsil etməyən bir şəxslə böyük bir imperiya rəhbəri arasında dostluq olsun".
Hikmət Babaoğlu, deputat
Deputat Robert Köçəryanın yanvarın 17-də keçirdiyi mətbuat konfransına da diqqət çəkib:
"Köçəryan ilk dəfə dedi ki, ermənilərin Qarabağa qayıtması üçün yeganə sənəd 10 noyabr üçtərəfli sazişidir. Armen Qriqoryan isə ona cavab verdi ki, İrəvan o sənədə qayıtmayacaq. Azərbaycanın mövqeyi bu məsələdə prinsipialdır. Adətən, üçtərəfli bəyanatın 9-cu maddəsinə diqqət çəkilir. Amma burada xüsusi və strateji nüansa diqqət yetirməliyik. 9-cu maddə Azərbaycan və Ermənistanın qarşılıqlı razılaşması əsasında sülh sazişindən çıxarılıb. Yəni Zəngəzur dəhlizi məsələsini sülh danışıqları kontekstində müzakirə etmirik. Bu, ayrıca məsələdir".
Aydn Baxış