Ermənistan parlamentinin spikeri Alen Simonyanın Belarus rəhbərliyinə yönəlik sərt açıqlamaları iki ölkə arasında diplomatik gərginliyi daha da artırıb.
Bakıvaxtı.az xatırladır ki, Simonyan çıxışında Belarusun faktiki olaraq Rusiyanın təsiri altında olduğunu iddia edərək bildirib ki, Ermənistan “heç vaxt Belarus kimi idarə olunmayacaq” və ölkənin quberniyaya çevrilməsinə imkan verilməyəcək. Bu bəyanatdan sonra Belarus Xarici İşlər Nazirliyi rəsmi etirazını bildirib və İrəvanın addımlarını “qeyri-dost davranış” kimi qiymətləndirib.
Nazirliyin sözçüsü Ruslan Varankov açıqlamasında vurğulayıb ki, Belarus suveren dövlətdir və Rusiya ilə münasibətlərini müstəqil şəkildə müəyyən edir. O, həmçinin Simonyanın çıxışını kobud diplomatik etika pozuntusu və seçkiqabağı populizm adlandırıb. Gərginliyin fonunda Simonyan geri addım atmayaraq üzr istəməkdən imtina edib və Belarus rəhbərliyinə kartof yetişdirməklə məşğul olmağı tövsiyə edib. O, həmçinin bildirib ki, Minsklə münasibətlərdə problemlərin kökü daha dərindir və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyi ilə bağlı yanaşmalarla əlaqəlidir.
Qeyd edək ki, Ermənistanla Belarus arasında münasibətlər son illərdə daha da pisləşib. 2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, o və digər erməni rəsmilər Aleksandr Lukaşenko hakimiyyətdə qaldığı müddətdə Belarusa səfər etməyəcəklər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, Belarus daha özgüvənli və nüfuzlu ölkədir:
“Ataların bir sözü var, deyir “kor kora kor deməsə bağrı partlayar”. Belarus heç olmasa bir çətirin altındadır, o da Rusiyadır. Ermənistanın isə altına girdiyi çətirlər çoxdur. Simonyana deyən lazımdır ki, sizin ölkənin sərhədlərini Rusiya hərbçirləri qorumur? Ermənistanda rus hərbi bazası yoxdur? Dünənədək Ermənistan aeroportunda rus əsgərləri dayanmışdı. Belə bir ölkə təmsilçisinin Belarusu Rusiyanın “vassalı” olmaqda ittiham etməsi absurddur”.
Əhəd Məmmədli: Bir neçə stulda əyləşən Ermənistanın konkret mövqeyi olan Belarusu suçlaması məntiqsizdir
Siyasi şərhçi bildirib ki, Lukaşenko dövlət başçısı postuna ən aşağı vəzifələrdən gəlib:
“Çətin dönəmlərdə Qərb və Rusiya arasında Belarusun ərazi bütövlüyünü qoruyub saxlayıb. Belarusun inkişaf səviyyəsi ilə Ermənistanın vəziyyəti eyni deyil axı. Belarusun güclü kənd təsərrüfatı var və ölkə özünü təmin edir. Sabah rus bazarı bağlansa, ermənilər nə edəcək? Bu gün Ermənistanın iqtisadiyyatı da məhz Rusiya hesabına dirçəlib. Bir neçə stulda əyləşən Ermənistanın konkret mövqeyi olan Belarusu suçlaması məntiqsizdir. Simonyanın Paşinyanla bir yerdə nüfuzu, təcrübəsi Lukaşenkodan azdır”.
Aydın Baxış
Bakı 




