• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Ermənistan yenə silahlanır: İrəvan hökuməti revanş üçün vaxt qazanmağa çalışır

SİYASƏT

03 Sentyabr 2024 | 16:37

Ermənistan yenə silahlanır: İrəvan hökuməti revanş üçün vaxt qazanmağa çalışır

“Ermənistan hər vəziyyətdə daha böyük qlobal güclərin maşası rolunu oynayıb”.

Bunu Bakıvaxtı.az-a AĞ Partiya sədri Tural Abbaslı Ermənistanın silahlandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan müxtəlif dönəmlərdə fərqli dünya dövlətlərinin, aparıcı güclərin əlində alətə çevrilib:

"Ermənistan bu gün də həmin funksiyanı yerinə yetirir. Sadəcə olaraq Ermənistan maşa funksiyasından, xarici güclərin tapşırıq və sifarişlərindən həm də öz maraqlarını təmin etməyə, eyniləşdirməyə çalışır. İrəvan hökuməti Rusiya-Qərb qarşıdurmasından istifadə edərək ABŞ və Avropanın ruporu kimi çıxış etməkdədir. Bununla da öz mövqeyini gücləndirməyə, Azərbaycana qarşı ərazi iddialarını bərpa etməyə cəhd göstərir”.

Müsahibimiz qeyd edib ki, Ermənistan tarix boyu sərgilədiyi mövqeyini ortaya qoyur, yaranmış fürsətdən öz ambisiyaları üçün yararlanmağa çalışır. Onun fikrincə, Ermənistanın silahlanması da sülh prosesini uzatmağa, revanş üçün vaxt qazanmağa hesablanıb:

“Sülhdə səmimi olan tərəf açıq-aşkar silahlanıb, təxribatlara əl atarmı? Mən heç vaxt İrəvanın səmimi sülh istəyindən olmasını qəbul etməmişəm. Bu gün də buna inanmıram. Sülh istəyən hücum yox, müdafiə silahları alar”.

Tural Abbaslı: Sülh istəyən hücum yox, müdafiə silahları alar

T.Abbaslı vurğulayıb ki, Azərbaycan baş verənləri nəzarətdə saxlamalıdır. Ərazi bütövlüyümüzə, suverenliyimizə təhdid yarada biləcək istənilən təşəbbüsə hərbi-siyasi addımlarla sərt cavab verilməlidir:

“Ermənistana yenidən toparlanıb, ordu yığıb, havayı verilən texnikalarla silahlanıb yenidən müharibə başlamasına şərait yaratmaq olmaz. Düşmənin güclənməsinə imkan vermək Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirər və yeni savaşların başlanmasına yol açar. Ona görə də erməni tərəfinin cəhdləri ilk andaca qarşısı alınmalıdır".

Qeyd edək ki, Ermənistanda intensiv şəkildə hərbi texnikalar yerləşdirilir. Son bir neçə ay ərzində Ermənistana Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmağa davam edir. Fransanın 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər təkcə son 3-4 həftə ərzində Ermənistana gətirilib.

Hazırda Ermənistan ordusunda SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar.

Həmçinin, Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, həmçinin “Panzerfaust” verilib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib. Hindistan hərbi texnikalarının da İranın Bander-Abbas dəniz limanı vasitəsilə Ermənistana çatdırılması davam etməkdədir.

Beləcə, adları çəkilən dövlətlərin öz aləmlərində gizli fəaliyyətləri artıq ifşa edilib.

Prezident İlham Əliyev də Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunub. Dövlət başçısı vurğulayıb ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Ekspertlərin fikrincə, erməni ordusunun hücum silahları ilə yenidən silahlanması İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir.

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Sentyabr 2024